Azərbaycan tarixinin ali təhsil proqramlarında yeri və rolu haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edilib.
Reyting.az xəbər verir ki, müraciət edən şəxs Azərbaycan Turizm və Menecment Universitetinin “İctimai fnlər” kafedrasının müdiri, taixçi alim İbrahim Əliyevdir.
İ. Əliyev müraciətində yazır ki, ali təhsil müəssisələrində Azərbaycan tarixi fənninin vaxtaşırı olaraq məhdudlaşdırılması, onun saatlarının azaldılması və məzmununda edilən dəyişikliklər narahatlıq doğurur:
“Hər bir fənn ali təhsil proqramlarında özünəməxsus missiyanı daşıyır və konkret məqsədə xidmət edir. Azərbaycan tarixi fənni qeyri-ixtisas istiqamətində yetişdirilən mütəxəssisdə ümumi dünyagörüşün genişləndirilməsi, mükəmməl ziyalıların formalaşdırılmasına xidmət edir. Bir sıra fənlər – milli tarix, ədəbiyyat, mədəniyyət və s. dərindən mənimsənilməsi milli ruhda tərbiyə olunmuş ziyalıların hazırlanmasında əvəzsiz əhəmiyyətə malikdir. Bu, bütün dünyada belədir. Dünya ölkələrinin ali təhsil sisteminə diqqət yetirsək bu vacib məsələnin necə ciddiyyətlə həll edildiyini müşahidə edə bilərik. Düzdür, müxtəlif ölkələrdə bu məsələyə münasibət o ölkənin miqyasından, dünya ölkələri sırasında tutduqları yerdən, inkişaf səviyyəsindən asılı olaraq bir qədər fərqlidir. Bütövlükdə isə sayılıb-seçilən ölkələrdə milli dəyərlərə olan münasibət, ona verilən dəyər birmənalı şəkildə yüksək səviyyədə təmin olunur. Belə bir vəziyyətdə milli tariximizin tədrisinin zəiflədilməsi, zənnimcə, yolverilməzdir. Nəzərə alsaq ki, Azərbaycan bu gün dünyada özünütəsdiq mərhələsini yaşayır, təcavüzlə üz-üzədir və müharibə şəraitindədir, problemin ciddiliyi daha qabarıq şəkildə özünü büruzə verir.
Bu gün Azərbaycanın əraziləri təcavüzə məruz qalır, dünya miqyasında milli maraqlarımıza etinasızlıq və ikili standartlarla yanaşma cəhdləri nümayiş etdirilir, tariximizin ən qədim dövrlərindən tutmuş müasir dövrə qədər saxtalaşdırılmalarla üzləşirik. Belə bir vəziyyətdə tariximizin öyrənilməsində zəifləmələrə şərait yaratmaq, onun dərindən öyrənilməsinə xələl gətirmək böyük səhv olardı. Düzdür, bu tarixin öyrənilməsində köhnə şablonlardan uzaqlaşmaq, onun daha mükəmməl şəkildə çatdırılmasına nail olmaq vacibdir. Gücümüzü də məhz bu məsələyə yönəltməliyik”.
İ. Əliyev deyilənlərdən çıxış edərək Təhsil Nazirliyinə müraciətində yazır ki, təzə təsdiq olunmaqda olan ixtisaslar üzrə proqramlarda Azərbaycan tarixinin tədrisinin yeri və miqdarı haqqında yenidən düşünərək müvafiq qərar vermək hələ ki gec deyildir.
araz.az xəbər portalı.