eldar hesenov 1jpg 1597427665Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Məhkəmə prosesinin sonunda hakim Eldar Həsənovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə qərar verib.

E.Həsənova qarşı AR Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan səfir Eldar Həsənov məhkəməyə gətirilib.

Mia.az xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının E. Həsənov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatına baxılır.

Qeyd edək ki, DTX-nin yaydığı məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib. Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

{loadmoduleid 198}

araz.az xəbər portalı.