Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 14-də BBC televiziyasının məşhur “HARDtalk” (Çətin söhbət) verilişinin radio versiyasına verdiyi müsahibə geniş müzakirələrə səbəb olub. Paşinyan bu müsahibə zamanı da özünü bir daha biabırçı vəziyyətə salıb və siyasi biliklərinin olmadığını açıq şəkildə büruzə verib.
Nikol Paşinyanın BBC-yə verdiyi müsahibəsindən bir neçə maraqlı məqam yenidən təsdiqini tapıb:
1. Paşinyan nəyinki təcrübəli siyasətçi və jurnalist deyil, hətta tarixi belə yaxşı bilmir;
2. Nikol Paşinyan ingilis dilini yaxşı bilmir və müsahibə vermək qabiliyyəti yoxdur, hazırcavab siyasətçi deyil;
3. Qərb artıq Azərbaycan həqiqətlərini qəbul edir, təcrübəsiz və sürüşkən xarakterə malik Paşinyanla əməkdaşlıqdan üz döndərir (Hazırda Ermənistanda mürəkkəb və ziddiyyətli siyasi proseslər gedir, Paşinyan rəqiblərinə qarşı çox aqressiv siyasət yürüdür”;
4. Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sələflərindən fəqli mövqe sərgiləmir.
Proseslər göstərir ki, Paşinyan hələ peşəkar siyasətçi kimi formalaşmayıb, dövlət rəhbəri kimi heç bir səriştəsi yoxdur. Həmçinin aydın olur ki, Paşinyan adi bir jurnalistin suallarından həyəcan keçirirsə, dili topuq vurursa, bəsit cavablar verirsə, dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlərdə ölkəsinin maraqlarını asanlıqla satır.
Ümumiyyətlə, Paşinyanın BBC-yə verdiyi müsahibəni tam bir fiasko adlandıra bilərik.
BBC-nin aparıcısı Setefen Sakur müsahibənin gedişində Paşinyanın suallara verdiyi məntiqsiz və tarixi əsası olmayan cavablarından anlayırdı ki, onun heç bir siyasi təcrübəsi və real tarixi bilikləri yoxdur. Setefen Sakur Azərbaycanla və onun tarixi ilə bağlı səlis bilgilərə malik olduğu üçün Paşinyana məntiqli suallar verir amma məntiqsiz və heç bir əsası olmayan cavablar alırdı. Bu məqam S.Sakura Paşinyanı sualları ilə daha biabırçı vəziyyətə salmağa geniş imkan verirdi.
Suallardan yayınıb koronavirus mövzusuna yönəlmək istəyən Paşinyan aparıcının sərt reaksiyası ilə üzləşirdi. Paşinyan aparıcının, “Siz hakimiyyətə gələndə Azərbaycanla sülh üçün cığırın tapılacağı vədini vermişdiniz, halbuki ötən ay yeni döyüşlər, yeni münaqişə, hər iki tərəfdən hərbçilərin həlak olmasını gördük. Sanki Ermənistan əvvəlki təcrübəsini davam etdirir və vəd edilən dəyişiklik baş vermir?” sualına verdiyi cavabda, Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimi danışıqlara cəlb etməyi yeni “formula” kimi təqdim etməyə çalışsa da, BBC əməkdaşı onu növbəti dəfə susdurdu.
S.Sakur Ermənistan silahlı qüvvələrini Azərbaycanın mülki əhalisini artilleriya atəşinə məruz qoymaqda, bir nəfər 76 yaşlı dinc sakini qətlə yetirməkdə də ittiham etdi: “Bir daha deyirəm ki, sizin apardığınız siyasət sülhə nail olmaq məqsədi daşımır”.
Jurnalist müsahibənin gedişində Nikol Paşinyanın saxta tarixi mənbələrə istinadən Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri dinləmək istəmədi və Ermənistan rəhbərini daha ciddi məsələlərdən danışmağa vadar etdi.
S.Sakur: Siz özünüz son aylarda gərginliyi artıran bir sıra təxribatçı hərəkətlərə yol vermisiniz. Məsələn, niyə siz keçən ilin avqust ayında “Stepanakert”ə (Xankəndiyə) gedərək “Artsax (Siz Dağlıq Qarabağı belə adlandırırsız) Ermənistandır və nöqtə” bəyanatını etdiyiniz? Bundan sonra sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı. Bu, Azərbaycana qarşı açıq-aydın bir təxribat idi”.
Aparıcı yenə Paşinyanın saxta tarixi iddialarla vaxt aparmasına imkan vermədi və onu bu fikirləri ilə çətin vəziyyətə saldı: “Sizin iddia etdiyiniz minillik tarixinizə girməyə niyyətimiz yoxdur. Bizim məqsədimiz hazırkı reallıqlara baxmaqdır. BMT-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr var. Beynəlxalq hüquq çərçivəsində Ermənistan silahlı qüvvələri işğalçı ordudur və siz Dağlıq Qarabağa girərək o ərazinin sizin olduğunu iddia etməyə çalışırsız. Siz açıq-aşkar sülhpərvər deyilsiz”.
Setefen Sakur ermənilərə verilmiş yeni başlanğıc vədlərinin puç olduğunu, erməni xalqında Dağlıq Qarabağ münqişəsinin həlli ilə bağlı yaranan ümidlərin qırıldığını, rəsmi İrəvanın koronavirus pandemiyası ilə mübarizədə aciz vəziyyətə düşdüyünü və erməni xalqının gələcəyə olan ümidlərinin itirildiyini kinayəli və kəskin ifadələrlə Paşinyanın üzünə vurdu.
Paşinyan isə aparıcının haqlı və tənqidi sualları qarşısında əsaslı və məntiqli cavablar səsləndirə bilmədi. Jurnalist olması ona bu müsahibədə kömək etmədi.
Məlumdur ki, Nikol Paşinyan Ermənistan parlamentinin deputatı seçilənə qədər siravi jurnalist kimi fəaliyyət göstərib. Deputat seçildikdən sonra da onun qeyri-adi və diqqətçəkən bir siyasi fəaliyyətinə rast gəlinməyib. Paşinyan birdən-birə “Soros” Fondunun dəstəyi ilə Ermənistandakı cinayətkar rejimə qarşı üsyan qaldırdı və bir ayın içində küçədən baş nazir kürsüsünə əyləşdi.
O, hakimiyyətə gələndə erməni xalqına min bir vəd vermişdi. Həmin vədlər sırasında Dağlıq Qarabağ probleminin həlli, siyasi və iqtisadi çıxış yolları var idi. Amma Paşinyan iki illik hakimiyyəti dövründə nə Dağlıq Qarabağ münaqişəsi, nə də Ermənistanın iqtisadi problemləri ətrafında heç bir uğura imza atmayıb.
Əksinə, beynəlxalq təşkilatların kürsüsündən, mühüm iclaslardan və debatlardan öz siyasi təcrübəsizliyini nümayiş etdirib və erməni xalqının gözündən düşüb.
Məsələn, Paşinyan BBC-nin efirindəki biabırçı müsahibədən bir neçə ay əvvəl Münhen konfransı çərçivəsində prezident İlham Əliyevlə debat zamanı öz səriştəsizliyini ortaya qoymuşdu. Ermənistan baş naziri İlham Əliyevin səsləndirdi tarixi faktlar qarşısında aciz vəziyyətə düşmüş və ingilis dilini yaxşı bilmədiyi üçün gülüş hədəfinə çevrilmişdi.
Azərbaycan Prezidentindən sitat: “Mən 19-cu əsrin əvvəllərində İrəvan əhalisinin 70 faizinin azərbaycanlılardan ibarət olması barədə danışmayacağam. Onların hər zaman danışdıqları öz müqəddəratını təyinetmə barədə fikrimi söyləyəcəyəm. Erməni xalqı öz müqəddəratını təyin edib. Onların bir erməni dövləti var. Məsləhətim budur ki, ikinci dəfə öz müqəddəratını təyin etmək üçün planetdə başqa yer tapsınlar, Azərbaycanda yox”
.Paşinyan prezident İlham Əliyevin səsləndirdiyi tarixi faktlar qarşısında çıxılmaz vəziyyətdə qalmışdı.
Ermənistan rəhbərinin simasından da görünür ki, o, qorxaqdı və ciddi siyasi qərarlar verəcək qabiliyyətdə deyil. Çox ehtimal ki, Paşinyan Prezident İlham Əliyevlə üz-üzə gəlməkdən çəkinir və Münhendəki stressi bir daha yaşamaq istəmir. Ona görə də hər vəclə təxribata əl atır və danışıqları pozur. Əlbəttə, gün kimi aydındır ki, bir jurnalistin sualları qarşısında dili topuq vuran Paşinyan üçün xarizması və praqmatik siyasi gedişləri ilə dünya liderləri sırasında özünəməxsuz yeri və möhkəm mövqeləri olan Azərbaycan Prezidenti İlham Əliyevlə üz-üzə gəlmək çox çətin məsələdir… Odur ki, zəif və prinsipsiz Soros uşağının təxribatlara əl atmasında da təəccüblü heç nə yoxudr.
Missiya.Az
araz.az xəbər portalı.