eldar 18“Məncə, korrupsiya ilə bağlı ittiham əsas ittiham üçün örtük rolunu oynayır”

“Azərbaycanda dövlət çevrilişi ilə hakimiyyəti dəyişdirmək Rusiyanın planlarına daxildir. Son vaxtlar İlham Əliyevin Rusiyadan uzaqlaşmaq, Türkiyəyə yaxınlaşmaq xətti götürməsi, Dağlıq Qarabağ məsələsində müstəqil siyasət aparması Rusiyanın xoşuna gəlmir və onu bu cür – çevriliş yoluyla dəyişdirmək istəyir”

Sabiq Baş prokuror, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun həbsi gündəmin başlıca mövzusuna çevrilib. Mətbuatda onun hakimiyyət iddiasında olması haqda yayılan informasiyalardan və Serbiyanın Ermənistana silah satışının ortaya çıxmasından sonra Azərbaycan səfirinin geri çağırılacağı gözlənilsə də, onun həbsi inandırıcı gəlmirdi. Amma görünən odur ki, ortada cəmiyyətə bəlli olmayan daha ciddi faktlar var. Odur ki, bu məsələ ilə bağlı qaranlıq məqamlara ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. 

– Bildiyimiz kimi xarici işlər nazirliyində təmizləmə əməliyyatları davam etməkdədir. Eldar Həsənovun və bir neçə başqa vəzifəli şəxsin həbsi də belə deməyə əsas verir ki, onların fəaliyyəti dövlətin mənafelərinə yox, tam tərsinə dövlətin mənafelərinin əksinə yönəlmişdir. Hətta Eldar Həsənovun vətənə xəyanətdə suçlu bilindiyi haqda iddialar var. İlk olaraq bu həbslərə münasibətinizi bilməks istərdik…
 

– Mənim aldığım məlumata görə, Eldar Həsənov korrupsiya, dövlət büdcəsini talan etmə maddəsi ilə saxlanılıb. Amma bu istintaqın və həbsin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılması göstərir ki, burada həm də dövlət təhlükəsizliyi ilə bağlı müəyyən məsələlər var. Bilirsiniz ki, Tovuz döyüşlərində məlum oldu ki, Serbiyadan Ermənistana çox ciddi silahlar verilib və həmin silahlar vasitəsilə Azərbaycana atəş açılıb. Həmin atəş nəticəsində generalımız Polad Həşimov və digər hərbçilərimiz şəhid olub.

Eldar Həsənov Serbiyada səfir idi və səfir də xidmət etdiyi ölkəni birinci növbədə öz ölkəsinə dost ölkəyə çevirməlidir. İkincisi, baş verən bütün hadisələri izləməlidir. Üçüncüsü, həmin ölkələrin əlaqələri ilə bağlı hər hansı informasiyaya malik olmalı, müəyyən işlər aparmalıdır. Təsəvvür edin, Azərbaycana məlum olur ki, silah daşınması məsələsi var, amma səfirin xəbəri yoxdur. Azərbaycan mətbuatını izləsəydiniz, görərdiniz ki, Eldar Həsənov haqda qəribə məlumatlar gedir. Bundan xeyli əvvəl belə bir məlumat getmişdi ki, Eldar Həsənovu prezident kimi hazırlayırlar…

– Yeri gəlmişkən, bir müddət əvvəl “Hürriyyət” də yazmışdı ki, Eldar Həsənov, keçmiş daxili işlər naziri Ramil Usubov və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlət çevrilişi hazırlayırlar…

– Bəli, belə məlumat var idi. İkinci tərəfdən, İlham Əliyev demişdi ki, Xarici İşlər Nazirliyinin bir çox səfirləri işlədikləri ölkənin kəşfiyyat orqanları tərəfindən ələ alınııb və onların maraqlarına xidmət edir. Əgər, biz Eldar Həsənovla bağlı bu faktları yan-yana qoysaq, onda belə bir mənzərə yaranır ki, Eldar Həsənov Serbiya və başqa dövlətlərlə əlaqəyə girib, Azərbaycanda dövlət çevrilişi yoluyla hakimiyyətə gəlmək istəyib, prezident olmaq istəyib. Verilən məlumatları bir-biri ilə birləşdirsək, belə bir nəticə alınır. Bilirsiniz, Eldar Həsənovla bağlı çıxan məlumatlarda nə o, özü təkzib verib, nə də Azərbaycan hökuməti ortaya bir mövqe qoyub. Yəni faktiki olaraq buradan çıxan nəticə budur ki, belə bir dövlət çevrilişi planı var. Bu versiyanın həqiqət payı var. Çünki belə bir ehtimal yoxdursa, Azərbaycan hökuməti təkzib verməli idi. Məmur haqqında əsaslı dəlil yoxdursa, dərhal yüksək səviyyədə təkzib gəlir. Eləcə də Eldar Həsənovun diplomatik xidmətdə ola-ola iqtidar daxili oyunlarda iştirak etməsi, prezident olmaq istəməsi barədə məlumatlara hökumətdə ciddi bir reaksiya yoxdur. Əksər səfirlərimiz xarici ölkələrin kəşfiyyat orqanlarına cəlb olunub, rüşvətxorluq baş alıb gedir… Təbii ki, Eldar Həsənovun rəhbərlik etidyi səfirlikdə də belə faktlar var. Məncə, burada korrupsiya ilə bağlı ittiham əsas ittiham üçün örtük rolunu oynayır. Yəni Eldar Həsənovu dövlətə xəyanətə və ya dövlət çevrilişinə cəhdə görə həbs ediblər. Amma publika üçün həbsin səbəbi korrupsiya göstərilir.
 
– Sizcə, əsl məqamlar cəmiyyətə açıqlanacaqmı?


-Mənə elə gəlir ki, istintaqın nəticələrindən asılı olacaq. Əgər qəzetlərdə yazılan faktlar həqiqətdirsə, Eldar Həsənov təklikdə bu qədər işləri görə bilməzdi. Onunla kim bu işlərdə iştirak edib, iqtidarın daxilində bu işlə bağlantılı kimlər var, bu işə kimlər cəhd edib, onların dairəsi  müəyyənləşdiriləcək. Yəqin ki, Eldar Həsənovun həbsindən sonra onunla bağlı daha ciddi həbslər olacaq. Yəni bu, bir fərdin həbsi yox, mütəşəkkil qrupun həbsi kimi meydana çlxacaq. Təbii ki, bu səfirliklərdə çalışanların da həbsi istisna olunmur.

– Eldar Həsənovun həbsinin arxasında Rusiya bağlantısının olduğunu düşünürsünüzmü?

-Eldar Həsənov Heydər Əliyevin vaxtında Azərbaycanda uzun müddət Respublika prokuroru işləmişdi. Bilirik ki, Gəncə qiyamından sonra hakimiyyətə gələn qüvvələrin böyük bir qismi Rusiyanın razılığı ilə vəzifələrə qoyulub. Respublikanın Baş prokuroru vəzifəsini tutan bir adamın Rusiya ilə əlaqəsini istisna etmək olmaz. Nəzərə alsaq ki, respublikada qarışıq ailələrdən olan prokurorlarımız var, onlardan biri  olan Qaralov işdən çıxarıldı… Ancaq bilirik ki ki, Azərbaycanda mühüm vəzifələrdə olan bir çox insanların Rusiya ilə əlaqələri var. Ola bilsin ki, Eldar Həsənovun da Rusiya ilə əlaqələri var.

– Bu əlaqə hanısa mənada ola bilər?..serdar 201 800x445 1
 
– O mənada ki, Serbiya Rusiyanın müttəfiqidir, Rusiya Ermənistanı dəstəkləyir… Serbiya Ermənistana silah ötürür, faktiki olaraq Rusiyanın dəstəyini eynilə Serbiya da həyata keçirir. Yəni bu məsələdə Eldar Həsənov susqun qalır.

– Biz deyə bilərik ki, bu həbslə Rusiyanın hakimiyyətdəki qol-budaqları kəsilir?

– Əlbəttə, dövlət çevrilişində adı hallanan adamların hər ikisi Rusiyanın buradakı təmsilçiləridir – Ramiz Mehdiyev və Ramil Usubov. Bunların hər ikisi də, sirr deyil ki, Rusiyanın təsiri altındadır. Eldar Həsənovun adının da bunlarla yanaşı çəkilməsi göstərir ki, o da Rusiyanın adamıdır. Azərbaycanda dövlət çevrilişi ilə hakimiyyəti dəyişdirmək Rusiyanın planlarına daxildir. Son vaxtlar İlham Əliyevin Rusiyadan uzaqlaşmaq, Türkiyəyə yaxınlaşmaq xətti götürməsi, Dağlıq Qarabağ məsələsində müstəqil siyasət aparması Rusiyanın xoşuna gəlmir və onu bu cür – çevriliş yoluyla dəyişdirmək istəyir. Bu zaman da deyilən qrupun üzərində durur. Bu da bir versiyadır. Faktlar hamısı üst-üstə düşür. İnandırıcı idi ki, bu versiyadakı qüvvələr İlham Əliyevə qarşı saraydaxili çevriliş həyata keçirmək istəyir və bizim də Dövlət Təhlükəsizlik Xidməti bu məsələni ifşa edib. Həm də mənə elə gəlir ki, Azərbaycanda son vaxtlar bəzi ciddi məsələlərin üstününü açılması Türkiyə kəşfiyyat orqanlarının sayəsindədir.

– Sizcə, konkret bu məsələnin ifşa olunmasında da Türkiyənin rolu varmı?

– Bəli, var. Türkiyənin yüksək rütbəli hərbçiləri Azərbaycana səfər edib və bu səfər ərəfəsində Eldar Həsənov Serbiya nümayəndə heyətinin Bakıya səfəri zamanı həbs olunub. Baxmayaraq ki, o, Serbiya nümayəndə heyətinin tərkibində gəlib, yenə də həbs olunub. Bu da göstərir ki, çox ciddi proseslər gedir. Ümid edirəm ki, tezliklə bu məsələlər aydınlaşacaq. Bizim müxalifət olaraq mövqeyimiz ondan ibarətdir ki, Eldar Həsənovun hüquqları müdafiə olunsun. Hətta cinayətkar olsa belə, onun hüquqları qorunsun, cinayət prosessual məcəlləsinə əməl olunsun, şəffafflıq olsun. Yəni cəmiyyətin aparılan prosesdən xəbəri olsun. Çünki istintaq altında, heç bir vəkili olmadan, istənilən cinayəti onun boynuna qoymaq da olar.

– Ortada dövlət çevrilişi amili varsa, Siz deyənlər təmin oluna bilər?

– Yəni bizim gözləntilərimiz budur. Əgər doğrudan da burada ciddi məsələlər, Eldar Həsənovun əməllərində hansısa cinayət tərkibi və cinayət xarakterli əməllər varsa, hökumətin bunu aşkarlıq şəraitində açıqlamasının zərəri yoxdur. Amma istintaq sirri, bu cinayətkar qrupa daxil olan digər adamların da müəyyən edilib zərərsizləşdirilməsi baxımından məlumat verilməsin. Hər halda biz istintaqın gedişini gözləməliyik. Biz istintaqın gedişi mərhələsində ortaya mövqe qoymamalıyıq, sadəcə hadisələrin siyasi təsvirini verə bilərik. Eldar Həsənov Ermənistana silah göndərən bir dövlətdə səfirdir. O, bu təhlükənin qarşısını almayıb, ölkədə də müəyyən məlumatlar yayılıb ki, prezident olmaq üçün müəyyən işlər görür, öz ətrafında müəyyən mətbuat dairəsi formalaşdırır və s.

– Sərdar bəy, proseslər onu göstərmirmi ki, Eldar Həsənov Serbiyanın Ermənistana silah ötürməsi faktını bilsə də, qəsdən ört-basdır edib?

– Bir səfir kimi Azərbaycanın maraqlarını orada qoruya bilməyib. Amma Eldar Həsənovun əlində elə bir kəşfiyyat orqanı yox idi ki, bu məlumatı aşkar etsin, ölkənin daxili işinə qarışsın. Amma səfir olduğu üçün Serbiyanın hakim dairələrinə müəyyən kanalları olmalı idi, Serbiya ictimaiyyətindən məlumatlı olmalı idi ki, ermənilərlə Serbiya arasında hansı əlaqələr var. Amma sözsüz ki, Rusiya aktyorlardan biridir, burada əsas rolu Kreml oynayıb. Serbiya Rusiyanın tapşırığı və təkidi ilə bu silah ötürməsini yerinə yetirib, çünki bu iki ölkə müttəfiqdir. Amma sonda da, gördünüz ki, Rusiyanın özü də ermənilərə 400 ton silah verib. Bu baxımdan, Eldar Həsənovun ən böyük günahı onun bu ötürməni bir səfir kimi neytrallaşdıra bilməməsidir. O da yüksək səviyyədə işini qursaydı, Serbiyanın yüksək dairələri ilə əlaqələri olsaydı, bu silah alverindən də vaxtında xəbəri olardı. İndi bəzi adamlar belə fikirlər yürüdürlər ki, həmin silahların Ermənistana satılmasında Eldar Həsənovun da əli var. Bilirsiniz, Eldar Həsənovun böyük biznesi var. Belə hesab edirlər ki, bu silah satışında onun birbaşa əli var. Bu lap ağır cinayətdir.
 
– Belə iddialar da var ki, Eldar Həsənov böyük bir klanın nümayəndəsi olaraq hakimiyyətə “meydan oxuyurdu”. Onun həbs edilməsi bu amillə bağlı ola bilərmi?
 

(Ardı var)
 
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.org

araz.az xəbər portalı.