Şəki rayonu, Baş Göynük kənd sakini Həsənov Alı Yusib oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən 1957-ci il, noyabrın 23-də anadan olmuşam. Hazırda Baş Göynük kənd Bələdiyyəsinin torpağında məskunlaşmışam. 20 iyun 2020-ci il tarixində, saat 11-12 radələrində həyətimdə heyvanlara su verib evə gələndə gördüm ki, darvazada iki avtomobil dayanıb. Evə girəndə tanımadığım admlar telefonumu cəld aldılar və evimi axtarmağa başladılar. Bundan sonra digər bir maşının içindən 10 nəfər əliavtomatlı polis enib, məni hədələdilər ki, silahın yerini de!
Sonra heç bir günahım olmadığı halda 3 nəfər mülki geyimli polis məni evin arxasındakı toyuq damının yanına aparıb, hər iki qolumu burub, dizlərim üstə yerə yıxıb təpiklədilər. Yumruqla vurub, məni nalayiq söyüşlərlə təhqir etdilər. Mənim 3 qız övladım var. Dedilər qızlarını gətirdəcəyik… Məni hədələdilər, söydülər, hər yerimi yumruqladılar. “Dırnaqlarını çıxardacağıq” deyib, hədələdilər.
Döydükdən sonra məni yenə evin qabağına apardılar. Təxminən 1 saat sonra NİVA markalı avtomobillə 4 polis zabiti həyətə daxil oldu və həyətyanı sahəni axtarmağa başladılar.
Həmin hadisədən 3-4 gün əvvəl atlama qurmaq üçün xiyar dərməyə gedəndə gördüm ki, tirələrin içində, tərəvəzyanı çəpərin kənarında yabanı halda 5-6 ədəd çətənə kolu bitmişdir. Boyları da təxminən 30-40 sm olardı. Onları kökündən çıxarıb, su kanalına atmışdım. Axtarış zamanı polislər həmin yabanı bitkiləri sarımsaq çıxardığım əraziyə gətirib, orada sənədləşdirdilər. Həmin qurumuş halda olan bitkilərin sayını artıraraq, 21 ədəd yazdılar.
Bundan sonra onlar nə dedisə, mən təsdiqləməyə məcbur qaldım və dediklərini etdim. Mənə özləri yazdıqları kağızlara qol çəkdirdilər. Və məni saxlama kamerasına apardılar. Orada 2 gün qaldıqdan sonra Şəki Prokurorluğuna apardılar. Prokuror müavininə məni polislərin döydüklərini, hədələyib kağıza qol çəkdirdiklərini bildirdim.
Sonra məni məhkəməyə apardılar. Hakimə hadisəni olduğu kimi danışdım. Və məni qərarla axşam saat 12-də azadlığa buraxdılar. Evə gəldim. Bir gün sonra həyat yoldaşımın telefonuna zəng gəldi ki, sabah 9-30-da Şəki Apellyasiya Məhkəməsinə gəlin. Buradakı 3 hakim məndən hadisəni təfərrüatl ilə danışmağımı istədilər. Və yenə də əvvəlki məhkəmənin qərarını qüvvədə saxladılar və məni yenidən azadlığa buraxdılar.
Evə gəldim. Müstəntiq ekspertiza üçün həmin ərazidən torpaq nümunəsi götürdü. Həmin yerdə çətənə kolu olmadığı ekspertizanın rəyi nəticəsində təsdiqləndi. Ona görə də Azərbaycan Respublikasın Baş prokurorundan polislər tərəfindən günahsız yerə hədə-qorxu ilə başıma gətirilənlər barədə ədalətli araşdırma qərarı çıxarmasını xahiş edirəm”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.
araz.az xəbər portalı.