big 1597580400 romnSSRİ dövrünün ən səsli-küylü siyasi hadisələrindən biri də 1974-cü ildə Leninqradda baş verib. Əslində bu hadisə nə Siyasi büronun iclasında, nə plenumda, nə də ki, partiyanın qurultayında baş verməyib. Sadəcə Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi Qriqori Romanov öz qızına toy edib. Bu toyun səs-küyü isə uzun illər ölkənin siyasi müstəvisində tez-tez xatırlanıb.

Qriqori Romanov öz dövrünün ən nüfuzlu siyasi simalarından sayılıb. O, 1970-ci illərdə “qocalan” Siyasi Büronun ən fəal, müqayisədə ən cavan üzvlərindən biri olub. Kremldə onun gələcəkdə SSRİ-nin rəhbəri olacağı haqqında söhbətlər dolaşıb. Təbii ki, bu da həmin dövrdə baş katib kürsüsünə iddialı olanları, xüsusilə də Yuri Andropovu, Konstantin Çernenekonu ciddi narahat edib və onlar bütün vəchlə şimal paytaxtının sahibini “zərərsizləşdirməyə” çalışıblar, məqam gözləyiblər.

Həmin məqam 1974-cü ildə yetişib. Romanovun qızının toyu Siyasi Büro üzvləri üçün göydəndüşmə fakt olub. Bu toyda baş verənlər sovet mətbuatında yer tapmasa da, qərb mətbuatı mövzuya səxavətlə yer ayırıb. Belə ki, xarici mətbuat birinci katibin qızının toyunun təntənəsindən yazaraq bütün detalları açıqlayıb, hətta məclisdə istifadə olunan Ermitaj servizlərinin 144 nəfərlik olduğunu da dəqiqliklə göstəriblər.

Sözügedən toyla bağlı fikirlər fərqli olub. Baş verənləri təsdiqləyənlər də olub, təkzib edənlər də.

Amma maraqlıdır, Romanov həqiqətənmi öz qızının toyunda Ermitajdakı antikvar servizlərdən istifadə edib?

Bəzi araşdırmaçıların qənaətinə görə Tavrida sarayında keçirilən toy məclisində həmin servizlərdən istifadə olunub və toy zamanı qırılan boşqab və qədəhlərin sayı da az olmayıb. Versiyalara görə, bunu DTK əməkdaşları qəsdən törədiblər. Araşdırmaçı Yevgeni Dodolyevin yazdığına görə, toyu təşkil edənlər də, onun ağır fəsadlarını qoyanlar da elə DTK özü olub. Məclis zamanı təxminən saat 22-23 radələrində sərxoş olan, yaxud da özünü sərxoş kimi göstərən DTK polkovniki Savalyov ailə quranların şərəfinə tost dedikdən sonra qədəhi əlindən yerə salaraq sındırıb və toyun sonuna qədər bu cür hallar tez-tez baş verib. Bunlar məhz ona görə edilib ki, gələcəkdə Romanovun Ermitaj servizlərindən istifadə etmək faktını təsdiqləmək asan olsun.

Maraqlı məqamlardan biri odur ki, toydan bir neçə gün sonra Romanovun təqdimatı sayəsində Ermitajın direktoru Piotrovski Sosialist Əməyi qəhrəmanı adına layiq görülüb. Bu, Romanovun ona təşəkkürü kimi qiymətləndirilib və təntənəli toyda Ermitaj servizlərindən istifadə faktını təsdiqləyib.

Toy məsələsi ən qısa zamanda Kremldə əsas müzakirə mövzusuna çevrilib. Əvvəlcə məsələyə Suslov münasibət bildirib, bu cür məclisi sovet ideologiyasına zidd olan bir hadisə kimi dəyərləndirib. Daha sonra Çernenko Siyasi Büronun iclasında ad çəkmədən “Leninqrad kommunistlərinin rəhbərləri özlərinə bütün hərəkətləri məqbul sayırlar” deyə Romanovu hədəf seçib. Leonid İliç Brejnev isə bu hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyini bildirib.

Romanov həmin ərəfədə Andropovdan toyla bağlı xarici mətbuata informasiyaların ötürülməsinin qarşısını almağı xahiş edib. Andropov ona “narahat olmayın, hər şey nəzarət altındadır” desə də, əksinə buna daha çox şərait yaradıb.
Leninqrad vilayət Partiya Komitəsinin yüksəkçinli əməkdaşları isə keçirilən toyla bağlı fərqli fikir bildiriblər:
“Tavrida sarayında ailə quranların heç bir ziyafətsiz, yalnız rəsmi təbrik tədbiri keçirilib. Toy Romanovun dövlət verdiyi bağ evində keçirilib. Toyda cəmisi 15-20 nəfər iştirak edib. Romanov isə işinin çoxluğundan məclisə bir-iki saat gecikib…”

Qızının toyu Qriqori Romanovun siyasi karyerasına ciddi zərbə vurub. 1982-ci ilin əvvəllərində, hələ Brejnevin sağlığında gələcək baş katibin kim olacağı qeyri-rəsmi şəraitdə müzakirə olunanda Andrey Qromıkonun Romanov haqqında söylədiyi fikirlər onun namizədliyinin üstündən xətt çəkib:
“Qriqori Romanov xarici ölkələrdə partiya prinsiplərinə əməl edə bilməyən bir kommunist kimi tanınır. Belə bir şəxsin partiya rəhbərliyinə gətirilməsi yolverilməzdir…”

1985-ci ildə Romanovun baş katib olması yenidən gündəmə gəlib. Bu dəfə isə ona Mixail Qorbaçov hiyləgərliklə mane olub. Kremlin baş həkimi Yevgeni Çazov 1985-ci ilin martın 3-də Çernenkonun ömrünə saylı günlər qalması ilə bağlı Qorbaçova məlumat verib. Qorbaçov bu məlumatdan yararlanaraq əsas rəqiblərini, Viktor Qrişini, Vladimir Şerbitskini və artıq həmin dövrdə Mərkəzi Komitənin katibi vəzifəsində olan Qriqori Romanovu yayındırmaq üçün bütün vasitələrə əl atıb. Beləliklə də, Qorbaçov çoxdan məzuniyyət gözləyən Romanovu istirahətə göndərib. Romanov Kaunasa istirahətə gedib.

Martın 10-da Çernenkonun vəfatı ilə bağlı xəbəri və plenumun keçiriləcəyini vaxtı ona 10 saat gec veriblər. O, Moskvaya tələssə də, Qorbaçovun tapşırığı ilə Romanova təyyarə uçuşu problemi yaradılıb. Belə ki, Romanov əvvəlcə Kaunasdan Vilnüsə uçub. DTK sədri Çebrikovun tapşırığı ilə Vülnüsdə uçuş zolaqları qardan təmizlənməyib və Moskvaya uçuş təhlükəsizlik baxımından mümkün və məqbul sayılmayıb. Beləliklə, Qorbaçov əsas rəqibinin iştirakı olmadan asanlıqla baş katib seçilib.

Qorbaçov baş katib seçildikdən sonra da Romanovu ciddi siyasətçi kimi özünə rəqib sayıb. Elə buna görə də 1985-ci ilin iyul plenumunda onu bütün vəzifələrindən azad etməyə cəhd edib və nail olub. Romanov Qorbaçovdan başqa vəzifəyə keçirilməsi haqqında xahiş etsə də, rədd cavabı alıb. Beləliklə, səhhətində heç bir problem olmayan, kifayət qədər enerjili, zəngin siyasi təcrübəsi olan Qriqori Romanov 62 yaşında bütün siyasi fəaliyyətini dayandırıb. Romanov siyasi fəaliyyətini dayandırsa da, qızı Natalya Romanavonun toyu ilə bağlı söz-söhbət dayanmayıb, sirli-müəmmalı toy haqqında ortaya zaman-zaman fərqli fikirlər çıxıb…(Musavat.com)

araz.az xəbər portalı.