Eldar Həsənovun həbsinin səbəbi – sərvət, təsir və ambisiyalardır
Avqustun 13-də Azərbaycanın Serbiya, Monteneqro və Bosna-Herseqovinadakı səfiri Eldar Həsənov həbs edilib. Bir gün sonra isə Səbail Rayon Məhkəməsinin qərarı ilə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, E.Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham olunur. Bu maddələrə əsasən E.Həsənov 7 ilədək azadlıqdan məhrum edilə bilər. E.Həsənov 1995-2000-ci illərdə ölkənin baş prokuroru olub. 2001-ci ildən 2013-cü ilə kimi Azərbaycanın Rumıniyada səfiri kimi çalışıb. 2013-cü ildən isə Serbiya, Monteneqro və Bosna-Herseqovinada səfir kimi fəaliyyət göstərir. Qeyd edək ki, E.Həsənov avqustun 13-də tutulsa da onun səfir vəzifəsindən geri çağırılması barədə sərəncam hələ verilməyib. Siyasi şərhçi Nəsimi Məmmədli Eldar Həsənovun həbsi ilə bağlı ASTNA-nın suallarını şərh edib.
***
-Nəsimi bəy, Eldar Həsənov XİN-dəki korrupsiya əməliyyatı ilə bağlı aparılan istintaqda şübhəli şəxs qismində həbs olunub. Sizcə, bu həbsin əsl səbəbi nədir?
-Bu həbs son illərin gözlənilməz həbslərindən biridir. Xüsusilə də müstəqillik dönəmində ilk dəfədir bir diplomat, səfir həbs olunur. Hüquq- mühafizə orqanlarının rəsmi açıqlamasında büdcə vəsaitlərinin mənimsənilməsi göstərilsə də gerçək səbəbin bu olmadığı şübhəsizdir.
Çünki indiyədək rüşvət alan, korrupsiyada adı hallanan, külli miqdarda büdcə vəsaitlərini mənimsəyən onlarla vəzifədən çıxarılmış şəxs olsa da onların heç biri həbs edilməyib. Rəsmi elan edilən ittiham üzrə səfirin həbsinə qərar verildiyinə inanmıram. Burada siyasi və digər səbəblər istisna deyil.
Eldar Həsənov Heydər Əliyev komandasının nüfuzlu şəxslərindən sayılır. 1993-cü ildə H.Əliyev hakimiyyətə gələndə onu öncə baş prokurorun birinci müavini, 1995-ci ildə isə baş prokuror təyin etdi. Müstəqillik tarixinin ən qalmaqallı və çoxsaylı siyasi həbsləri məhz onun prokuror olduğu müddətdə həyata keçirilib. H.Əliyev siyasi kursunun ən sədaqətli kadrlarından idi. Səfir olduğu müddətdə də hakimiyyətə sadiq olub və hansısa xüsusi yanlışlarının şahidi olmamışıq.
Bu həbsin gerçək səbəblərindən danışmaq üçün əlimizdə tutarlı faktlar yoxdur. Amma bəzi ehtimallar var. Hakimiyyətin yeni siyasi kursunun əsasında dayanan ilk şərt varlı kadrlardan qurtulmaqdır. Əlindəki böyük pulları ümumi fonda könüllü verməyən hər kəsin aqibəti həbslə yekunlaşa bilər. Həmçinin hakimiyyətin davamlılığı ilə bağlı özəl planlara əngəl ola biləcək hər kəs üçün həbs riski var. Mənim qənaətim belədir ki, E.Həsənovun və digər vəzifəli şəxslərin həbsində ilk növbədə bu prinsiplərin pozulması dayanır.
-Eldar Həsənov həmişə siyasi ambisiyaları olan şəxs kimi tanınıb. Onun həbsi də bu baxımdan maraqlıdır. Bu həbsin hakimiyyətdaxili qarşıdurmanın nəticəsi kimi qələmə vermək olarmı? Yoxsa, bilmədiyimiz başqa siyasi səbəblər var?
-Doğrusu, Eldar Həsənovun siyasi ambisiyasının nədə özünü göstərdiyini deməyə çətinlik çəkirəm. Belə bir iddianı əsaslandırmaq üçün heç bir ciddi fakt yoxdur. O, vaxtilə baş prokuror işləyib, hakimiyyətin bütün göstərişlərinə əməl edib. Bir dəfə də olsun onun dilindən mövcud hakimiyyətin ünvanına tənqidi fikirlərə rast gəlməmişik. Onun haqqında müxtəlif səpkili iddialar olsa da özü şəxsən bu istiqamətdə açıq mövqe sərgiləməyib. Ona hakimiyyət hansı işi tapışırıbsa onu can-başla icra edib. E.Həsənov bir dəfə də olsun nə parlament seçkilərində, nə prezident seçkilərində namizəd olmağa cəhd edib, nə də siyasi partiya yaratmaq, hakimiyyətə siyasi təsir etmək kimi açıq və gizli təşəbbüsdə olmayıb. O, hakimiyyətin bütün dövrlərində müəyyən edilən xüsusi standartlara, çərçivəyə uyğun davranan yüksək çinli məmurlardan biri olub.
Əslində hakimiyyətdaxili hansısa ciddi qarşıdurmanın mövcudluğu barədə deyilən iddiaları da ciddi qəbul etmirəm. Böyük maddi sərvətə malik olan müəyyən vəzifəli şəxslər arasında hansısa mövqe uğrunda rəqabəti qarşıdurma kimi təqdim etmək doğru olmaz. Bəzən iqtidar özü də belə müzakirələrdə maraqlı görünürdü. Amma reallıq tamamilə bunun əksidir. Hakimiyyət daxilində nə klanlar, nə qruplar, nə də qarşıdurmalar var. Əgər nə vaxtsa belə hallar olubsa da o rəqabət dövrü də artıq xeyli vaxtdır bitib.
Konkret olaraq Eldar Həsənov çox ehtiyatlı şəxs idi və heç bir rəqabət müstəvisində onu görmək mümkün deyildi. Bu həbsin səbəblərini hakimiyyətdaxili qarşıdurma ilə bağlamaq üçün heç bir ciddi fakt və fərziyyə yoxdur.
-Bu hadisənin Azərbaycandakı cəbhəçilərin həbsi, Rusiya ilə soyuqlaşma, Türkiyə ilə daha da yaxınlaşma fonunda baş verməsi də maraqlı məqamlardan biridir. Nəzərə alsaq ki, Eldar Həsənovun hazırda Rusiyada yaşayan baş nazirin keçmiş müavini, Milyarderlər İttifaqının yaranmasında adı hallandırılan Abbas Abbasovla dostluq münasibətlərinin olduğu da deyilir. Eldar Həsənovun bu hadisələrlə hansısa əlaqəsi ola bilərmi?
-Öncə qeyd edim ki, Rusiya ilə müşahidə edilən soyuqlaşmanın hakimiyyətin köklü xarici siyasət dəyişikliyinə gətirib çıxarması real deyil. Hakimiyyətin hazırda Rusiyadan müəyyən narazılığı olsa da bu, müvəqqətidir. Çünki hakimiyyətin regionda və dünyada ən etibarlı siyası dayağı məhz Rusiyadır. Bu amilin məhz indiki iqtidar tərəfindən köklü dəyişilməsi hələlik mümkün deyil. Hakimiyyətin ölkə daxilində siyasi dayaqları çox zəifdir. Ölkənin milli gücünü demokratik üsullarla səfərbər etmədən Rusiya ilə münasibətlərdə ziddiyyətlərin dərinləşməsi hakimiyyətin faciəli sonu ola bilər. Əslində Türkiyə ilə yaxınlaşma da sistemli və dərin olmadığına görə Rusiyanı narahat etmir. Rusiya da anlayır ki, Türkiyə və Azərbaycan hakimiyyətləri üçün bu mərhələdə belə bir ötəri siyasi-hərbi manevr etmək zərurəti yaranıb. Bu məsələnin təfərrüatlarına geniş toxunub mövzumuzdan uzaqlaşmayaq. E.Həsənovun həbsində bu xarici amillərin rolunu da istisna edirəm.
AXCP üzvlərinin həbsi ilə E.Həsənovun həbsi arasında xüsusi əlaqə olmasa da ümumi əlaqə var.
Ümumi əlaqə dedikdə, bu həbslərin qərarının hakimiyyətin ən yuxarı pilləsindən verilməsini nəzərdə tuturam. Hakimiyyət özü üçün təhlükə ola biləcəyini güman etdiyi hər bir şəxsə və quruma qarşı belə həbslər həyata keçirir. Eyni zamanda bu həbslər cəmiyyətin ayrı-ayrı fəal sosial kateqoriyalı qruplarında qorxu yaratmaq niyyətini də açıq göstərir.
-Serbiyanın Ermənistana silah satması ilə bağlı məlumatlar var. Eldar Həsənov isə Azərbaycanın Serbiyadakı səfiri idi. Bəlkə məhz silah satışından xəbərdar olub və vaxtında qarşısını almadığı üçün cəzalandırılır?
-Bu arqument də onun həbsi üçün əsas ola bilməz. Heç bir səfirin belə bir imkanı, ixtiyarı yoxdur ki akkreditasiya olunduğu dövlətin başqa ölkələrlə siyasi-hərbi əlaqələrinə təsir etsin. Yaxud da buna görə hansısa məsuliyyət daşısın. Səfirliklərdə xüsusi informasiyalara görə məsul olan şəxslər var və onların fəaliyyəti ölkənin xüsusi xidmət orqanları tərəfindən koordinasiya olunur. Həmçinin uzun illərdir Ermənistana ən çox silah satan, yardım edən dövlət Rusiyadır. Əgər bu amilə görə səfirin cəzalanması praktikası olsaydı Rusiyadakı səfirimiz gərək çoxdan həbs olunaydı.
-Bu kimi siyasi həbslərin davam edəcəyini və iqtidarı, eləcə də müxalifəti əhatə edəcəyini deyənlər var. Mümkündürmü?
-Hakimiyyət 2016-cı il referendumundan sonra özünün təhlükəsizliyi və davamlılığı istiqamətində bir siyasət həyata keçirir. Bu siyasətin bütün mahiyyətini şərh etməsək də konkret bəzi detallarına toxuna bilərik. Burada ən əsas xətt ondan ibarətdir ki, cəmiyyətdə müəyyən qruplar üzərində nüfuz və təsir imkanları olan, əlinə külli miqdarda maliyyə vəsaitləri toplamış, cəmiyyətdəki narazılığı səfərbər edə bilən, etirazları istiqamətləndirmək təcrübəsi və gücü olan, hakimiyyət üçün problem yaratmaq ehtimalı olan hər kəsi belə bir aqibət gözləyir. Hakimiyyətin nə zaman, hansı şəxsi və qurumları hədəfə alacağını dəqiq bilməsək də onun bir gün mütləq baş verəcəyini də istisna edə bilmərik.
-Eldar Həsənovun xaricdəki söyüş mediasının arxasında duranlardan biri olduğunu da deyənlər var. Onun siyasi xəttində bu ritorikanın olduğunu güman etmək olardımı?
-Belə iddiaları nə təkzib, nə də təsdiq edə bilərik. Kimsəyə böhtan atmaq, qarayaxmaq olmaz. E.Həsənovun belə bir fəaliyyətə dəstək verməsinə mən şəxsən inanmıram. Bu, ona əlavə nə qazandıra bilərdi? Heç nə. Söyüş ritorikası ilə nə siyasi güc toplamaq, nə kiməsə təsir göstərmək, nə də ciddi dəyişiklik etmək mümkündür. Ağlı başında olan təcrübəli bir şəxsin belə bir vasitədən istifadəyə cəhd etməsi real deyil.
-Sizcə, hakimiyyət bu cür iri ranqlı siyasi həbsləri niyə həyata keçirir? Ölkədə nə baş verir?
-Ölkədə sosial-siyasi münasibətlər sistemi mürəkkəb və ziddiyyətli şəkildə davam edir. Bütün sahələrdə problemlər var və getdikcə də artır.
Ritorik suallarla qısa ifadə etməyə çalışım. Ölkədə problemlər varmı? Var. Bu problemləri kim yaradıb? Mövcud idarəetmə. Onu kim həll etməlidir? Hakimiyyət. Həll edirmi? Etmir və ya edə bilmir. Problemlərlə nə qədər yaşamaq mümkündür? Əlbəttə, sonsuza qədər belə davam etmək mümkün deyil, bunun bir limiti var.
Hakimiyyət nə özünü köklü islahatlarla dəyişə bilir, nə də problemləri həll edə bilir. Cəmiyyətdə gərginlik, narazılıq getdikcə artır. Hakimiyyət düşünür ki, bu həbslərlə, işgəncələrlə, təqiblərlə qorxu mühitini dərinləşdirib müəyyən vaxt uda bilər.
Eyni zamanda hakimiyyətin başqa özəl qayğılarının olması da istisna deyil. Sanki cəmiyyətdən gizli saxlanılan hansısa ciddi bir problem hakimiyyətdə dərin narahatlıq və təşviş yaradıb. Son vaxtlar idarəetmənin yenidən təşkili və struktur islahatları istiqamətində tərəddüdlü davranışlar böhranlı vəziyyəti daha da dərinləşdirib.
araz.az
araz.az xəbər portalı.