Tarixi Azərbaycan torpaqlarında öz havadarlarının ciddi, davamlı hərbi-siyasi dəstəyi ilə, saxta yolla qurulmuş Ermənistan dövləti Azərbaycan Respublikasının 20 faiz ərazisini işağl altında saxlamaqdadır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, əlbəttə, bu işğal, işğalın uzun çəkməsi qətiyyən Ermənistanın hünəri deyil və bunu mövzuya az-çox bələd olan hər kəs bilir.
“Azərbaycan ictimaiyyətində də şübhə yoxdur ki, tarixi məqam yetişəcək və o məqamda işğalçı dövlət pılını-pırtını yığışdırıb Azərbaycan Respublikasının hüdudlarından rədd olub gedəcək. Daha doğrusu, Azərbaycan ordusu rədd edəcək işğalçı ordunu və onlar leşi leş kimi, başı baş kimi Qarabağdan rədd ediləcək.
O gün Dağlıq Qarabağdakı ermənilərin ağ bayraqla qarşımıza çıxacağı, onları məhz rəsmi İrəvanın təhrik etdiyini, bütün günahların onlarda olduğunu deyəcəyi də inandığım sabahlardandır. Bizdən çox xahiş edəcək, üstümüzə yüz bir minnətçi salacaqlar ki, Dağlıq Qarabağda yaşamalarına izn verək, günahlarını bağışlayaq. İnşallah o gün uzaqda deyil və o günü yaxın etməkçün söz deyən, veriliş hazırlayan, həqiqəti yayanlardan tutmuş hərbi-siyasi, təşkilati-texniki planda da zəhmət çəkən, haqq işinə xidmət göstərən hər kəsə, xalqımıza inam aşılayan bütün insanlara min alqış!
Bildiyiniz kimi, mən özüm bu günlərdə “Ermənistanın təslim aktı”nın layihəsini hazırlayıb, yaymışam və o layihədə Ermənistanın üzr istəməsi ilə bağlı bənd də var və işə baxın ki, uzaq Londonda, ünlü BBC-nin “HARD Talk” proqramının bu günlərdə efirə gedən növbəti buraxılışında, işğalçı ölkənin baş naziri Nikol Paşinyanla müsahibədə jurnalist Stefen Sakur da, ondan üzr istəyib-istəməyəcəyini soruşdu, onu üzr istəməyə dəvət etdi… İnanırsız, mən dediyim o Akt layihəsini ictimailəşdirərkən, elə azərbaycanlı sosial şəbəkə istifadəçiləri çıxdı, üzr istəmək də daxil, Akt layihəsində yazılanları gülünc adlandırdı. Təsəvvür edin, uzaq Londonda tarixi həqiqəti, inşallah gerçəklik olacaq perspektivi başa düşənlər varkən, burda, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”ni gəzdirənlərdən bunu gülünc hesab edənlər tapılır. İndi sözümüz birbaşa bu barədə olmasa da, mövzu ilə səsləşdiyi üçün bunları qeyd etdim.
Bəli, Azərbaycan həqiqətlərinin dünyaya nə dərəcədə bəlli olduğunu nəinki BMT-nin bəlli (822, 853, 874, 884) Qətnamələrində, Avropa Birliyinin, İslam Konfransı Təşkilatının, GUAM-ın, Türk Şurasının, Qoşulmama Hərəkatının sənədlərində, eləcə də, beynəlxalq vəziyyətlə, Ermənistan-Azərbaycan müharibəsi ilə maraqlanan insanların obyektiv açıqlamalarında da görə bilərik. BBC-nin “HARD Talk” proqramında demokrat libaslı, amma işğalçı zehniyətli Nikol Paşinyanla müsahibə dediklərimizə sübut sayıla bilər. “Maksimum tənqidçi və çətin suallar” müəllifi Stefen Sakurun verdiyi doğru suallara ən səmimi, doğru cavablar nə ola bilərdi? Etiraflarda bulunmaq! Ancaq bunu indi Paşinyandan gözləyirikmi? O Paşinyan ki “dovşan cildindəki tülkü” xislətini hər gün bir az daha üzə çıxarır. Lakin BBC-nin peşəkarların yönəltdiyi efiri Paşinyanın maskasını yırtmağa yetərli oldu və o rəzil duruma düşdü. Bağışlayın məni, gah dodağını çeynəmək, gah gözünü cıbbıldatmaq, barmağını, əlini qeyri-standart şəkildə “manevr” etdirməklə olmur bu işlər. Zornan demokrat olmaq da, zornan işğalçılığa haqq qazandırmaq da bir yerə qədərdir və həqiqətin sərt şilləsi, doğruların soyuq üzü, əvvəl-axır qarşına çıxacaq və sən cavab verməli olacaqsan!
Peşəkar BBC jurnalistinin sualları Paşinyanı, açıqca siyasi nokauta saldı. Boksda rinqdəki idmançının aldığı zərbə sonucunda huşunu itirməsinə nokaut deyilir. Döyüşü nokautla uduzan boksçuya üç ay müddətində yarışlarda iştirak etmək qadağan olunur və indi Paşinyanın huşu başındasa, özü, yoxsa, başbilənləri onu bir müddət, heç olmasa, ekran-efirdən qıraq tutsunlar. Adam hansı debata, hansı müsahibəyə çıxırsa, huş itirəcək zərbələr ala-ala gedir. Bir deyil, iki deyil, üç deyil… Əlbəttə, mən Paşinyanın huşunun qayğısına qalmıram və demək istəyirəm ki, bu qədər təsadüflər ola bilməz. Bu heç tendensiya da deyil, bu, yəni Paşinyanın rəzil duruma düşməsi tam qanunauyğunluqdur.
Köçəryan və Sarkisyan adları üstlərində əliqanlı diktatorlardısa, Paşinyan, özünü demokrat adlandıraraq, demokratiya, insan hüquqları axtarışı dalğasında hakimiyyətə gəlib. İndi buyursun, cavab versin. O cavabı ondan Londonda, Ankarada, İstanbulda, İslamabadda, Vaşinqtonda, Brüsseldə, Bakıda, Naxçıvan və Tovuzda da soruşacaqlar, əlbət! Qələm-kağızla, bilgisayarla, telefonla, virtual şəkildə, öncəbhədə cavab atəşi ilə, yaxud gələcəkdə məhkəmə salonunda illa da soruşacaqlar”, deyə Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü əminliyini ifadə edib.
Əkbər Qoşalı vurğulayıb ki, əlbət bir gün, hansıki, o “bir gün” çox da uzaqda deyil, İrəvanın özündə də Paşinyana çətin suallar veriləcək və ümumiyyətcə, Paşinyan və rəsmi İrəvan o qədər suallar qarşısındadır ki, o suallara verilməli olduğu doğru cavablardan sonra nə Paşinyan hökumətində hökumətlik, nə Ermənistanda Ermənistanlıq qalmayacaq!
“BBC-nin ünlü proqramında Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan da qonaq ol¬muşdu, ötən il, oktyabrın sonlarında. Orada Stefen Sakurun, suallardan illa da qaçan, “siyasi janqlyorluq” edən Mnasakanyana dediyi “Bir dəqiqə, nazir, imkan verin sualımı verim”, “Xahiş edirəm sualıma cavab verin”, “Siz mənim sualıma cavab vermirsiniz. Bir daha cəhd edəcəyəm” kimi peşəkar dirənişlərini xatırlayıram. İşə baxın ki, hazırda Ermənistanın baş diplomatı olan Mnasakanyan, jurnalistə açıq-açığına uduzduğu o proqramın üzərindən aylar keçəndən sonra, bu dəfə erməni baş nazir də eyni suallar qarşısında aciz qaldı və daha qeyri-adekvat ca¬vablarla yadda qaldı. Bir neçə ay ərzində erməni hökuməti bir jurnalistin suallarına cavab verəcək qədər hazırlaşa bilməyib. Həm birinci sual-cavabdan aylar keçib, həm də, bu dəfə nazir yox, baş nazir suallara cavab verirdi, amma sonuc daha biabrıçı oldu. Dünyanın guya “ən qədim”, “ən mədəni” xalqı, Qafqazın “ən intellektual”, “ən demokrat”, “ən tolerant” xalqı olan ermənilərin intel¬lektuallığı, qabiliyyət və qanacağı budurmu? Bilirsiz, niyə belə olur? İlk növbədə ona görə ki, Ermənistan haqsızdır! Ermənistan işğalçıdır! Ermənilər başqa güclərin əlində keçici vasitədir, alətdir! Haqsız ola-ola haqlı görünmək həmişə mümkün olmur və hamını aldatmaq mümkünsüzdür. Ermənistanın “qələbə”sini, mövqeyini beynəl¬xalq hüquq normaları, birgəyaşayış qaydaları, BMT Qətnamələri və b. hüquqlardan qıraqda əlahiddə şəkildə təhlil etmək, əsaslandırmaq, haqq qazandırmaq mümkün deyil! Hətta, Paşinyanın seçkiqabağı şüarları ilə, Ermənistan konstitusiyası ilə də əsaslandırmaq mümkün deyil ki, Ermə¬nistan silahlı qüvvələri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış hü¬dud¬ları içində nə gəzir?! Mümkün deyil!
Elə ona görə də, Stefen Sakurun “…hərəkətlər sözlərdən daha gurultulu danışır, cənab baş nazir. İyulun ortalarında gördük ki, Ermənistan silahlı qüvvələri münaqişə xətti boyunca kəndləri atəşə tutur, azərbaycanlıların dediyinə görə, 76 yaşlı mülki şəxs öldürülür və nəticədə qisasa-qisas atəşi açılır və bununla da, geniş döyüşlər baş verir. Bir daha qeyd edirəm ki, sizin siyasətiniz sülhə nail olmaq məqsədi üzərində qurulmuş kimi görünmür” sual-təsbiti meydana çıxır.
O meydana çıxır ki, ingilis jurnalisti, ötən ilin oktyabrında erməni nazirlə müsahibədə olduğu kimi, Nikol Paşinyana suallarını da bir neçə dəfə israrla təkrar etməli olur. “Mən sizə çox sadə sual verirəm, siz Ermənistan ordusu tərəfindən məsələn, Avropa İnsan Haqları Məhkəməsində siyahıya alınmış insan haqlarının pozulması hallarına görə barışma ruhunda “üzr istəyirəm” deyəcəksinizmi? Siz “üzr istəyirəm” deyəcəksinizmi”? deyə erməni baş nazirindın israrla cavab tələb edir.
Bəli, “çətin söhbət”in sadə, təkraroluan sualları ötən il nazirdə, bu il də baş nazirdə cavabsız qaldı… Bəli, bir jurnalist cəmi iki müsahibə ilə bir hökumətin, dövlətin, ölkənin saxtakarlığını beynəlxalq ictimaiyyətə aydın şəkildə göstərdi. Üçüncü bir erməni məsul vəzifəlisi ilə müsahibəyə ehtiyac varmı? O müsahibə elanolunmamış müharibədə ədalətli sülh elan olunduqdan sonra alındıqda, suallar havada qalmayacaq. Rəhmətlik Ozan Arif demiş: “Ya Qarabağ ya ölüm! Başqa yolu yox artıq!” Ermənistan rəsmilərini dinlədikdən sonra rəhmətlik ozanın nə qədər haqlı olduğunu bir daha görürük…
Bizim işimiz haqq işidir!
Biz qalib gələcəyik!
Dövlətimiz zaval görməsin!”, deyə Əkbər Qoşalı bildirib.
araz.az xəbər portalı.