Xəbər verdiyimiz kimi, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) XI Qurultayı keçirilib.
Videokonfrans şəklində keçirilən Qurultayda AMİP-çilər ölkədə hazırkı ictimai-siyasi vəziyyəti müzakirə edib. Toplantıda təşkilati məsələyə baxılıb. Arzuxan Əlizadə partiyanın sədri seçilib.
Qeyd edək ki, o, indiyə qədər sədri əvəz edirdi. Qurultayda AMİP Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, katiblik institutu ləğv olunaraq yerinə müavinlik yaradılıb. Həmçinin Qurultaylararası dövrdə partiyanın ali orqanı olan Mərkəzi Şuraya, eləcə də Mərkəzi İntizam Komissiyasına seçkilər keçirilib, tərkib müəyyənləşdirilib.
Maraqlıdır, qurultaydan və kadr dəyişikliklərindən sonra hansı nəticələr gözlənilir? AMİP 90-lardakı nüfuzunu bərpa edə biləcəkmi?
AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov Cebhe.info-ya açıqlamasında qurultaydan sonrakı dövrdə partiyanın hədəflərindən danışıb.
Ə.Orucov bildirib ki, bundan sonrakı dövrdə elə qurultayda səslənən fikirdən, qarşılarına qoyulan vəzifələrdən, tövsiyyələrdən AMİP-in əvvəlki nüfuzunu bərpa etməyi hədəfləyirlər:
“Qarşımıza ölkənin aparıcı siyasi təşkilatlarından biri olmağı həqiqətən də təsdiqləmək, eyni zamanda hakimiyyətə real alternativ olduğumuzu göstərməklə bağlı vəzifələr qoyuldu. Təbii ki, bu vəzifələrin öhdəsindən gəlmək heç də asan deyil. Müəyyən qədər çətinliklər olacaq, xüsusilə də indiki real durumda. 90-cı illərdə siyasi proseslər, mühit fərqli idi. Cəmiyyətin siyasi fəallığı da indikindən qat-qat yüksək idi. Ona görə də siyasi partiyalar güclü idi. Hazırda isə o qədər də böyük siyasi aktivlik yoxdur, hətta biganəlik var. İnsanlar siyasi proseslərə qoşulmağa çəkinir. Doğrudur, iddialarımız, hədəflərimiz böyükdür, amma üzərimizə düşən yük də asan deyil. Hər halda yaxın müddət ərzində cəmiyyət özü də dəyişikliyin, yeniliyin, AMİP-in yeni gücdə ortaya çıxacağının şahidi olacaq”.
Əli Orucov onu da əlavə edib ki, AMİP-də kadr dəyişiklikləri aparılacaq:
“Bu məsələdə kadrlardan da çox şey asılıdır. AMİP-də kadr dəyişiklikləri də olacaq. İdarəçilikdə gənclərə üstünlük veriləcək. Bu da ümid edirik ki, bizim işimizin keyfiyyətinə də öz ciddi təsirini göstərəcək”.
Vilayət Muxtar
Cebhe.info
araz.az xəbər portalı.