Cəlilabad rayon Göytəpə şəhərinin bir qrup sakini Təhsil nazirinə müraciət ünvanlayıb. Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən məktubda V.Mürsəlov adına Göytəpə şəhər 1 saylı orta məktəbin direktoruyla bağlı valideynlərin xahişi yer alıb.
Valideynlər Təhsil nazirindən hazırkı məktəb direktoru Zaur Ələkbərovun başqa məktəbə direktor kimi göndərilməsinə imkan verilməməsini xahiş edirlər: “Aldığımız məlumata görə, Zaur Ələkbərovla direktor kimi bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmiş və başqa məktəbə direktor göndərilməsi ehtimalı var. Bu xəbər həm məktəb kollektivinin böyük hissəsinin, həm də valideynlərin narahatçılığına səbəb olub. Əminik ki, Zaur Ələkbərovun məktəbimizə rəhbərlik etməsi müddəti uzadılmasa, burada yenidən neqativ hallar baş qaldıracaq və tədris prossesi unudularaq, yenidən korrupsiya ön plana keçəcək.”
600-ə yaxın valideynin imzaladığı müraciətdə qeyd olunur ki, Z.Ələkbərov 2017-ci ildə məktəbə direktor təyin olunandan sonra məktəb korrupsiyasız və şəffaf şəkildə idarə olunmağa başlayıb: “2014-cü ildə “ilin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş Zaur Ələkbərovun savadlı idarəçiliyi nəticəsində məktəbimizdə sağlam mühit yaradılmış, təhsilin keyfiyyəti yüksəlmiş, şagirdlərə şəxsiyyət kimi baxılmağa başlamış, əhali arasında məktəbin işgüzar nüfuzu xeyli artmışdır.”
Sonda valideynlər xahiş edirlər ki, Təhsil naziri şəxsən bu məsələ ilə maraqlansın və Z.Ələkbərovun sözügedən məktəbdə direktor kimi fəaliyyətini nəzərdə tutan müqavilənin uzadılmasına dair göstəriş versin.
araz.az xəbər portalı.