Dağlıq Qarabağdakı separatçı rejimin “prezident”i Araik Harutyunyan Ağdərə rayonunda olarkən orada yerli sakinlərlə görüşüb. Qarabağlı erməniləri sakitləşdirmək və onların canlarındakı müharibə xofunu azacıq da olsa, çıxarmaq üçün Harutyunyan bildirib ki, əgər Xankəndinə raket və ya bomba atılarsa, Gəncəni atəşə tutacaqlar.
Daha sonra o, Ağdərəkdi Sərsəng su anbarının dəyişdirilmə layihəsindən bəhs edib.
A.Harutyunyanın sözlərinə görə, qarabağlı ermənilər üçün “əsrin proqramı” olacaq layihəni ən uzağı 2 ilə başa vurmaq planlaşdırılır. Proqram başa çatandan sonra əlavə olaraq 30 min hektar torpaq suvarılacaq, təqribən 40-50 min yeni iş yeri yaradılacaq.
Sərsəng su anbarının “qarabağlı ermənilərin gələcəyinə multiplikativ təsiri”ndən və Gəncənin raket-bomba zərbəsinə məruz qoyulmasının mümkünlüyündən danışan A.Harutyunyan Ermənistan rəhbərliyində müşahidə olunan siyasi debilizm mərəzinin davamçısı olduğunu nümayiş etdirib.
Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimin Gəncəni vurmaqla bağlı açıqlaması təsadüfi deyil.
Xankəndidəki xunta heç bir halda siyasi bəyanatlarda, xüsusilə də belə paraonidal açıqlamalarda müstəqil deyil və bütünlüklə Ermənistandan asılıdır.
Ermənistan rəhbərliyi isə iyulun ikinci ongünlüyündə Azərbaycanın Tovuz rayonuna hücum cəhdinin uğursuzluqla başa çatmasından sonra pərişandır. Baş nazir Nikol Paşinyan daxili siyasətdəki uğursuzluqlara əlavə olunan diplomatik geriləmələrin yaratdığı həddən ziyadə mənfi effekti azaltmaq üçün Azərbaycana yönəlmiş aqressiv ritorikanı daha da kəskinləşdirmək niyyətindədir.
O, ermənilərə təlqin etməyə çalışır ki, İrəvan yeni əməliyyatlar hazırlayır.
Və bu, reallıqdan o qədər də uzaq deyil.
Tovuza hücumun tam fiasko ilə başa çatmasından sonra Ermənistan cəmiyyətində N.Paşinyana çoxsaylı suallar yaranıb.
Həmin suallar İrəvan mediasında da yer alır.
Məsələn, erməni jurnalistlər yazırlar ki, koronavirus pandemiyasının tüğyan etdiyi və Ermənistanı faktiki olaraq diz çökdürdüyü bir dönəmdə yeni hərbi avantüra kimə, nə üçün gərəkdi?
O da vurğulanır ki, Tovuza hücum kimi avantüranın geri çəkilmə, itkilər və rəsmi olaraq etiraf edilməyən məğlubiyyətlə başa çatması N.Paşinyan administrasiyasının məsuliyyətsiz, bisavad və bacarıqsız “təşəbbüs”lərindən biri idi.
Ermənistanın baş naziri yaranmış situasiyanın onun zərərinə inkişaf etdiyini anladığı üçün daxili narazılıqları səngitməyin ən effetiv yollarından biri, bəlkə də birincisi olan Qarabağ kartını yenidən oyuna atıb.
Paşinyanın son günlərdəki açıqlamaları, bəyanatları, sosial şəbəkələrdəki paylaşımları və messicləri göstərir ki, o, Dağlıq Qarabağ münaqişəsinin heç bir halda dinc danışıqlar yolu ilə nizamlanmasının tərəfdarı deyil.
Tam əksinə, N.Paşinyan münaqişə bölgəsində gərginliyini maksimum dərəcədə artırmaq, əsəbləri tarıma çəkmək niyyətindədir. Onun istəklərinin məcmusu isə Azərbaycana qarşı yeni silahlı təxribatdır.
Rəsmi İrəvan ciddi-cəhdlə Tovuz fiaskosunun “qisas”ını almaq niyyətindədir və bu səbəbdən də Azərbaycanla sərhəd bölglərə, habelə Dağlıq Qarabağ münaqişəsi zonasındakı cəbhə xəttinə hərbi texnika və canlı qüvvəni cəmləşdirir.
“Gəncənin vurulması” kimi siyasi paranoya nümunəsini qeyri-ciddi açıqlama qismində qəbul etmək əsla olmaz.
Ermənistanın indiyədək Azərbaycanın dinc əhalisini hədəfə almağı, yaşayış məntəqələrini atəşə tutması adi haldır.
Rəsmi İrəvanın faşist və işğalçı ritorikadan ibarət siyasi davranış modelini nəzərə alsaq, beynəlxalq təşkilatlar, ilk əvvəl BMT, Avropa Birliyi, ATƏT və AŞPA, habelə MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) situasiyanı diqqətlə izləməlidir.
Azərbaycanın ikinci böyük şəhərinə raket-bomba zərbələri endirə biləcəyini istisna etməyən ermənilərin qeyri-adekvat, siyasi şizofreniya həddindəki rəhbərləri mütləq şəkildə sözügedən açıqlama ilə bağlı izahat verməlidirlər.
Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ separatçılarının lideri Araik Harutyunyanın marazmatik bəyanatına mütləq şəkildə münasibət bildirməlidir.
Yoxsa bölgəyə “seyr səyahət”ləri edərək söz oyunundan savayı, heç bir real işi olmayan Minsk Qrupunun həmsədrlərinin yay tətili hələ başa çatmayıb?
Elçin Alıoğlu
araz.az xəbər portalı.