Liviyada qiyamçı general Haftara qarşı legitim hökumətə dəstək verən Türkiyə Misrata şəhərində hərbi dəniz bazası tikməyi planlayır.
Turkustan.info xəbər verir ki, “DefenceTürk”ün yazdığına görə, dünən Liviyaya səfər edən Türkiyə müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu general Yaşar Gülər, Qətər baş nazirinin müavini və müdafiə naziri Səlahəddin ən-Nəmruşun iştirak etdiyi görüşdə Türkiyə, Qətər və Liviya hökumətləri arasında bir sıra hərbi əməkdaşlıq müqavilələri imzalanıb.
Müqavilə çərçivəsində Qətər Liviyada qurulacaq hərbi təlim mərkəzlərini maliyyələşdirəcək. Digər tərəfdən Misratada üçtərəfli koordinasiya mərkəzi qurulacaq və müqavilə çərçivəsində Türkiyə Misratada hərbi dəniz bazası tikəcək.
Məsələ ilə bağlı Türkiyənin rəsmiləri rəsmi açıqlama verməyib. Ancaq 13 avqustda sosial şəbəkədə yayılan görüntülərdə Misrata ətrafında Türkiyə Dəniz Qüvvələrinə məxsus olduğu bildirilən “Qabya” tipli freqat və Sikorski S-70B-28 “Seahawk” helikopterinin görünməsi Türkiyənin dəniz bazası tikmək üçün hərəkətə keçdiyi şəklində şərh edilmişdi. Regional mətbuat da bu şərhi dəstəkləyən yazılarla çıxış etmişdi.
Regional mənbələrin verdiyi məlumata görə, infrastrukturunun təmir olunduğu Vatiyə hərbi hava bazası da Türkiyənin istifadəsinə veriləcək. Bazada qiyamçı Haftara qarşı əməliyyatlarda həlledici rol oynayan və böyük uğura imza atan PUA və HHM sistemləri yerləşdiriləcək.
araz.az
araz.az xəbər portalı.