ARB telekanalında əməkdaşlar kütləvi şəkildə məzuniyyətə göndərilib.
Bu barədə sosial şəbəkələrdə və bəzi saytlarda məlumat yayılıb.
İddia olunur ki, telekanalın 100-ə yaxın əməkdaşı öz hesabına məzuniyyətə göndərilib və bir neçə əməkdaş işdən azad olunub. Eyni zamanda, telekanalın bir çox tanınmış simasının, o cümlədən, aparıcılarla imzalanan müqavilələrin ləğv olunduğu deyilir.
Yayılan məlumatlar həqiqətləri əks etdirirmi? ARB telekanalında nə baş verir?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən ARB telekanalının mətbuat katibi Ozal İbrahimli deyib ki, əməkdaşların öz hesabına məzuniyyətə çıxması tam təbiidir:
“Telekanalda işləyən hər kəs öz hesabına məzuniyyətə çıxa bilər. Burada məcburi heç bir şey yoxdur. O ki qaldı aparıcılar, verilişlər və yeni əməkdaşlarla bağlı məsələyə, bu barədə növbəti mövsümdə geniş açıqlamalar olacaq.
Hələlik onu deyə bilərəm ki, hazırda yeni mövsümə hazırlıq işləri aparılır. Kimləri efirimizdə görəcəksiniz, hansı yeni simalar var və ya hansı yeni layihələr olacaq, bu barədə yaxın zamanda ətraflı açıqlamalarımız olacaq”.
araz.az
araz.az xəbər portalı.