“Ermənistan silahlı bölmələrinin sərhədboyu ərazidə təxribatlarının, həmin bölmələrin dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkmə cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır”.
Reyting.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib.
“Cavab tədbirləri nəticəsində dövlət sərhəd xəttinə 2 000 metrə qədər məsafədə olan bir çox mövqelərimizin 1 500-1 700 m irəli çıxarılması yaxınlıqdakı yaşayış məntəqələrimizin və magistral yolların, həmçinin şəxsi heyətin təhlükəsizliyini artırmağa, strateji cəhətdən əlverişli istiqamətlərdə yeni sərhəd döyüş məntəqələrinin yaradılmasına imkan verib. Eyni zamanda düşmənin yaşayış məntəqələrinə, magistral yollarına və strateji əhəmiyyətli obyektlərinə nəzarət imkanları artırılıb. Mühəndis işləri görən silahsız sərhədçilərimizə və mülki şəxslərə qarşı silah tətbiq etməkdən çəkinməyən namərd düşmənin bütün təxribatlarına sərhədçilərimiz tərəfindən layiqli cavab verilib, atəş nöqtələri susdurulub, hərbçiləri məhv edilib, düşmənin 5-6 qat artıq tələfat verməsinə nail olunub.
Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Lələtəpədən başlamış zəfər yürüşünün davamıdır”, E.Quliyev bildirib.
araz.az xəbər portalı.