296479– Məscidlərin açılması ilə bağlı o qədər uzun-uzadı danşırısan ki, görən də elə biləcək məscidlər açıq vaxtı orada yatıb-dururdun. Qardaş, məscidlər açıq olan vaxtı səni ayda-ildə bir dəfə məsciddə görmək olurdu. İndi nə düşmüsən e, ay belə məscidlər bağlıdır, ay nə bilim məscidlərin açılmaması virusun yayılmasına təsir edir.
Məscidlər açıq vaxtı bir dəfə günorta yolum İçərişəhərdəki məscidlərdən birinə düşmüşdü. Axund yazıq məni görəndə sevindi. Tez pişnamaz durdu, mən də ona iqtida etdim. Tələsirdim, ona görə niyyətim  tək qılmaq idi. Amma həmin axundun üzündəki o ümidi qıra bilmədim, – Mübariz bayaqdan bəri Sübhanın məscidlərin Operativ Qərargahın son qərarından sonra da açılmayacağını bildikdən sonra əsəbiləşməsinə reaksiya verməyə bilmədi.
– Qəribə məntiqin var. Deməli, mən ancaq öz maraqlarım və özümün aktiv olduğum mövzularla bağlı fikir bildirməliyəm? Təəssüf ki, bu, tək sənin yanaşman deyil. Əksəriyyət bu cür düşünür və bəzi rəsmilərin də yanaşması budur. Yəni, sənə aid olmayan heç bir mövzu səni maraqlandırmamalıdır.
Qardaş, məscidlər – cəmiyyəti balanslaşdıran mərkəzlərdir. Bütün şərab, içki satılan dükanlar fəaliyyət göstərir. Amma maraqlıdır ki, insanları bu pis vərdişlərdən geriyə qaytaran və insana özünü xatırladan Allah evləri bağlıdır. Bu balansın pozulması çox böyük fəsadlara gətirib çıxardacaq, – Sübhan əsəbini cilovlamağa çalışaraq cavab verdi.
– Nə aidiyyəti var? İçki içən, onsuz da o zəhirmarını içəcək. Dindar isə dünya dağılsa da, içkiyə əlini vurmayacaq, – deyə Mübariz sakit halda qeyd etdi və əlavə etdi, – Bir neçə aylıq məscidlərin bağlanması hansı balansı poza bilər ki, bu qədər dəhşətli bir problem düzəltmisən?
– Əzizim, cəmiyyət tək içki içən və dindarlardan ibarət deyil. Cəmiyyətdə uşaqlar, yeniyetmələr, hələ ki, kiminsə təsir dairəsinə düşməyən cavanlar var. Bu insanların dindar və ya qeyri-dindarı haradan tanına bilər? İnsanlar hər gün mənəviyyatlarına mənfi təsir edən görüntülərlə rastlaşdıqları kimi, mənəviyyatlarını təmiz tutacaq mərkəzlərlə də ünsiyyət saxlamalıdırlar.
Maşaallah, indi hər kəs saqqal saxlayır. İnsanların dindar və ya qeyri-dindar olmaqları çox çətinliklə anlaşılır. Yəni ətrafda Allahı yada salacaq görüntülər onsuz da çox azdır və bununla bərabər, məscidlərin də bağlanması – ümumiyyətlə dəhşətli bir durum yaradıb.
Onların o hələ ki, korlanmayan mənəviyyatlarını necə İlahi dərgaha döndərmək olar? Sən məscidlərin daxilindəki auranı nə ilə, kimin söhbəti ilə müqayisə edə bilərsən? İnsanların bu cür mənəvi mərkəzlərdən ayrı düşməsi sadə məsələ deyil, – Sübhan Mübarizin əks arqumentlərinə mümkün olduqca sakit cavab verməyə çalışırdı.
– Lap tutaq ki, sən deyəndir. Bəs bu qədər dindarın hansısa bir narahatlığını və ya məscidlərin yanında yığışmaqlarını görmüsən? Sən deyən qədər mənəvi boşluq hiss olunmalı idi axı. Sən şərab dükanlarını və ya siqaret satış yerlərini bir həftə bağlanmasını təsəvvürə gətirə bilirsən? Pandemiya vaxtında immun sistemini zəiflədən içki və siqaretin qəbulu ilə bağlı heç bir qabaqlayıcı tədbirlər görülmədi. Bu böhran bu qədər dərin olsaydı, sənin bu qədər izahatına ehtiyac olmadan ölkənin hər bir fərdi bu böhranı hiss edərdi, – deyə Sübhan əlindəki təsbehi toparlayıb cibinə qoydu.
– İnsanları bir qarın çörəyə möhtac qoyublar. Bir çoxları düşünür ki, insan gərək ilk olaraq maddi təminatını həll etsin, sonra vaxtı qalanda mənəvi ehtiyacının da təmini haqqında düşünə bilər. İllərlə ölkə insanını bu cür düşünməyinə zəmin yaradıblar. Burada biz ruhanilərin də çox böyük səhvları var, – Sübhan əli ilə alnını ovxalayaraq, düşüncələrə daldı. Sonra isə sakit halda dilləndi:
– Bir toplumda ki, mənəvi ehtiyacların təmini maddi ehtiyacların təminindən sonra gəldi – orada fərqli mənzərə görmək olmaz. Amma bir şeyi dəqiq bil ki, məscidlərin bu qədər bağlı olmasının fəsadını, çox ağır nəticələrini hər bir fərd görəcək. Hər birimiz – istər maddi, istərsə də mənəvi baxımdan – o böhranı yaşayaya bilərik.
– Nə bilim vallah, – Mübarizin çiyinlərini çəkərək, mövzu ilə bağlı dərin düşüncəyə daldı…
Mətləb Həmzəli,

araz.az xəbər portalı.