Tarixin ən qəddar hökmdarı: III Vlad Drakula
III Vlad Tsepeş tarixdə qəddarlığı ilə yaddaşlarda qalıb.
İnsanların qanını içdiyinə, başqa əfsanələrdə isə qanı çörəyə batırıb yediyinə görə onun məşhur vampir Drakula olduğuna inanılır. Məşhur yazıçı Brem Stoker ondan ilhamlanaraq “Drakula” əsərini ərsəyə gətirib.
III Vlad Tsepeş Transilvaniyanın (Şimal-Qərbi Rumıniya) kiçik Sigişoara şəhərciyində 1431-ci ilin dekabr ayında dünyaya gəlib. Osmanlılarla müharibədə məğlub olan atası Vladı 13 yaşı olanda Osmanlılara əsir göndərir. 4 il əsir qaldıqda sonra azad edilib. Atası II Vlad vəfat etdikdən sonra hakimiyyət ona həvalə edilir. Bundan sonra III Vlad Valaxiya (Şimal – qərbi Rumıniya) voyevodası (şahzadəsi) olur.
Payaya keçirtdirmək, qazanda diri-diri qaynatmaq, dəri üzmək…
III Vlad düşmənlərini təkcə öldürmür onlara işgəncə verirdi. Vladın düşmənləri isə türklər və hər nə qədər qəribə səslənsə də kasıblar, dilənçilər və avaralar olub.
Drakula şəhərin bütün xəstə, dilənçi və avara adamlarını öz evlərindən birinə qonaq çağırır. Qonaqlar yeyib-içib qurtardıqdan sonra Drakula evi tərk edir və əmr edir ki, evin qapı və pəncərələrini mıxlayıb evi yandırsınlar. Evin içindəki qonaqlar da evlə bərabər yanıb külə dönür.
Drakula insanları payalardan keçirərdi. Bu səbəbdən ona “Tsepeş” (payaya keçirən) ləqəbi verilib. III Vlad Drakula osmanlıların ağalığını qəbul edib, guya özünü onlara sadiqmiş kimi göstərib, əslində isə türklərə qarşı gizli düşmənçilik siyasəti aparıb. 1461 -ci ildə o, Sultana xərac verməkdən boyun qaçırmış, türk Sultanının göndərdiyi elçiləri payaya keçirməklə edam etdirmişdi.
Drakulanın ən sevdiyi şey isə payaya keçirilmiş insanların yaratdığı dairənin içində ziyafət təşkil etmək olub. Xüsusilə də türkləri bu cür öldürmək onun üçün bir vərdiş halına çevrilib. Əlinə türk əsir keçəndə III Vlad əsirlərin dərisini soyur, soyulan hissələrə duz səpir və daha ağrılı olması üçün soyulan hissələri keçilərə yalatdırırdı.
III Vlad insanları doğramaq, payaya keçirtmək üçün xüsusi yollar kəşf edib. Bir gün yolla gedərkən eşşək üzərində keşiş görən Vlad keşişi eşşəklə birlikdə payaya keçirir. Eflaka dil öyrətmək üçün gələn 400 macar gəncini diri-diri yandırıb. 600 taciri elə bazar yerində payaya keçirdib.
Yüzlərlə, minlərlə qətllərdən məlum olurdu ki, Drakula öz xalqını özü istədiyi kimi idarə edirmiş. Bir dəfə xalqın ondan nə dərəcədə qorxduğunu yoxlamaq üçün şəhərin mərkəzi meydanına qızıldan düzəldilmiş kuzələr qoydurur və deyir ki, kim istəyirsə bu kuzələrdən götürə bilər. 60.000 əhalidən heç kəs kuzələrə yaxınlaşmağa belə cürət etmir.
Fateh Sultan Mehmet və III Vlad Tsepeş
III Vladın cinayətlərindən xəbər tutan Fateh Sultan Mehmet ordusunu yığaraq səfərə çıxır. Drakula Tuna çayını keçərək qarşısına çıxan türkləri öldürərək irəliləyir. Yol boyu 23.884 türkü və bulqarı öldürür. 20.000 türk döyüşçüsünü payaya keçirdir. Yol boyu osmanlı ordusunun keçdiyi ərazilər əvvəlcədən Vlad tərəfindən yandırılır, sulara zəhər atılır. Türk ordusu Eflaka çatdıqda isə dəhşətli mənzərəyə rast gəlir. Fateh Sultan Mehmetin ordusu 5 kilometr boyunca payaya keçirilmiş insanların arasından keçməli olur. Təxmini 20 minə yaxın insan payalara keçirilmişdi.
Bütün bunlara baxmayaraq Osmanlı ordusu III Vladı mühasirəyə alır və döyüşdə Vladın ordusu məğlub olur. Amma Vlad qaçmağı bacarır.
1476-cı ildə Vlad öz adamları tərəfindən öldürülür. Vladın kəlləsi Fateh Sultan Mehmetə təhvil verilir. Sultan Kəllənin nizəyə keçirilərək paytaxtda nümayiş edilir.
Ölümündən sonra
Drakula ölümündən sonra da türklərə ziyan verməyə davam edib. Belə ki 2014-cü ildə çəkilmiş “Drakula: Başlanğıc” filmi türklərin etirazına səbəb olub. Filmdə Drakula baş qəhrəman, Fateh Sultan Mehmet isə qəddar hökmdar kimi təsvir olunub. Filmin sonunda Fateh Mehmet Sultan Drakula tərəfindən öldürülür. Bu isə tamamı ilə yalan idi. Saxtalaşdırılımış ssenari əsasında çəkilmiş filmə edilən etirazlar buna görə idi.
Minval.İnfo
araz.az xəbər portalı.