Sovetlər dövründə Moskvanın Belarusa təhkim etdiyi Rasim Musabəyov deyir ki, bundan sonra Lukaşenkonun uzun müddət prezident kürsüsündə oturması çətin olacaq
Belarusda keçirilən prezident seçkilərindən sonra ölkədə vəziyyət gərginləşib. Yüz minlərlə vətəndaş seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edir. Artıq bəzi dövlətlər də seçkinin nəticələrini tanımadıqlarını bəyan ediblər.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Reyting.az-a müsahibəsində Belarusdakı seçkilərdən danışıb:
– Mən seçkiləri bilavasitə müşahidə etməmişəm. Amma deyilənə görə, seçki prosesi kifayət qədər kobud aparılıb. Rəqiblər öncədən həbs edilib, seçki günü müşahidə aparmağa çətinliklər yaradılıb, nəticələr qəbul edilməyib və s.
Amma insanları hiddətləndirən hal etirazçılara qarşı hüquq-mühafizə orqanlarının amansız davranışı olub. Rusiya və MDB-nin digər ölkələrində zaman-zaman seçkilərin nəticələrinə dair etirazlar olsa da, aksiya iştirakçılarına qarşı bu dərəcədə amansız davranılmayıb. Belarusdakı prezident seçkilərindən sonra etirazçılara qarşı amansız rəftar isə 100 minlərlə insanın küçələrə axışmasına səbəb olub.
– 100 minlərlə insan küçədə etiraz edib. Baş verənləri necə adlandıraq: inqilab, demokratik proses, yoxsa xalq hərəkatı?
– Ad qoymağa tələsməyə dəyməz. İnqilab adətən prosesin nəticəsinə görə olur. Hakimiyyət başında duran şəxsin dəyişməsi hələ inqilabın baş verməsi deyil. Mövcud idarəetmə sisteminin dəyişdirilməsini inqilab adlandırmaq olar.
Hələlik Belarusda seçkilərlə bağlı kütləvi etiraz müşahidə edilir. Ancaq bu prosesin hara qədər inkişaf edəcəyi, hansı nəticələrin olacağını indidən demək çətindir.
– Belarusdakı proseslərdə Qərb hansı formada iştirak edir, ümumiyyətlə edirmi?
– Hiss edilir ki, ABŞ məsafə saxlayıb və müdaxilə etmir. Almaniya və Fransa kimi Avropa Birliyində söz sahibi olan ölkələr də müəyyən qədər məsafə saxlayıb, müdaxilə etmir. Daha çox etiraz edən, rəy bildirən Polşa və Baltikyanı respublikalardır. Amma onların Belarusun daxili işlərinə geniş formada təsir etmək imkanları məhduddur. Müşahidə edilən odur ki, Avropa ölkələri insanlara qarşı polis tərəfindən edilən kobud davranışı pisləyiblər. Amma hər hansı sanksiyalardan söhbət getməyib.
– Avropa Birliyi və əksər Avropa ölkələri seçkilərin nəticələrini tanımayıb. Bunun özü mövqe deyilmi?
– Bəli, bu belədir. Amma seçkilərin nəticələrini o halda tanıyırlar ki, ən azı ora ATƏT-in müşahidəçilərini dəvət edirlər. Avropa Şurası, Avropa İttifaqını qoyuram bir kənara, Lukaşenko heç ATƏT-in seçki müşahidəçilərini də ölkəyə buraxmayıb.
– Zamanında Moskvada Belarusla bağlı işləmisiniz, bu xalqı daha yaxından tanıyırsınız. Sizcə, Rusiyanın Belarusdakı son proseslərdə iştirakı hansı formadadır?
– Rusiya hər zaman Belarusda dominant qüvvə olub. Ukraynada ən azı 30-40 faiz əhali ukrayna dilində danışırdı. Amma Belarusda əhalinin 5 faizi heç belarus dilində danışmır və 95 faizi rus dilindən istifadə edir.
Bizim iqtisadiyyatımızın Rusiyaya bağlılığı maksimum 10 faiz ola bilər, amma Belarus iqtisadiyyatının Rusiyaya bağlılığı 50 faizdən çoxdur. Axı, onlar Rusiya ilə formal olsa da, müttəfiq dövlət yaradıblar. Odur ki, Belarusda Rusiyanın üstünlüyü hamı üçün aydındır. Qərbin Belarusdan müəyyən məsafə saxlamasının səbəbi də budur. Mədəni formada Rusiyaya göstərilir ki, əgər burada məsul sənsənsə, məsuliyyət də sənin boynundadır.
– Belarusda Ukrayna variantı təkrarlana, ölkənin yarısı Qərbin, yarısı isə Rusiyanın nəzarətinə keçə bilərmi?
– Mən bunu ciddi ehtimal hesab etmirəm. Əvvəla, ukraynalılarla belaruslar bir-birindən ciddi şəkildə fərqlənirlər. Mən zamanında Moskvada işləyəndə 6 il Belarusla sıx əlaqədə olmuşam, yəni Belarusa təhkim edilmişdim, azı 60 dəfə Belarusa ezam olunmuşam. Orada insanlar xasiyyətlərinə görə mülayimdir. Onlar ukraynalılar kimi “barrikada qursun, hücum etsin, tələb etsin”ə meylli deyillər. Odur ki, Ukrayna ilə Belarusu eyniləşdirmək olmaz. Amma hər bir halda xalq Lukaşenkonun kobud, kolxozsayağı davranışını qəbul etmək istəmir. Orada gənc nəsl formalaşıb. Məsələn, belaruslu olub Rusiyada təhsil alanların sayı Polşada, Litva və Latviyada təhsil alanların sayından çox azdır. Yeni nəsl tamamilə ayrı bir yanaşma tələb edir. Belarus əhalisinin böyük hissəsi “Polşa kartına” sahibdir. Yəni 1939-cu ilə qədər Polşa ərazisi hesab olunan və hazırda Belarus ərazisi sayılan yerlərdə yaşayan insanlara Varşva tərəfindən kart verilib. Bu kartla belaruslar Polşaya gedib işləyə, pulsuz təhsil ala bilərlər. Belaruslar da bundan istifadə edirlər, Avropaya sıx bağlıdırlar. Gedib oraları gördükdən sonra köhnə, sovetsayağı, kobud davranışı qəbul etmək istəmirlər.
– Moskvada işlədiyiniz və Belarus üzrə əlaqələndirici olduğunuz dövrdə Lukaşenko ilə ünsiyyətiniz olurdumu?
– Mən Moskvada 1970-1980-ci illərdə işləmişəm. Söhbət 40 il əvvəldən gedirdi. Həmin dövrdə Lukaşenko da işləyirdi. Mən onunla bilavasitə ünsiyyətdə olmamışam. Həmin vaxt Lukaşenko səhv etmirəmsə, kənd rayonu səviyyəsində fəaliyyət göstərən məmur idi. Mən də Moskvada, mərkəzi aparatda işləyirdim. Lukaşenko ilə heç zaman üz-üzə gəlməmişik.
– İndi hər kəsi “Lukaşenko gedəcək, yoxsa qalacaq”, – sual düşündürür. Sizcə, gedəcəkmi?
– Ola bilsin ki, Lukaşenko bir müddət hakimiyyəti əlində saxlasın. Ancaq onun hakimiyyətdən uzaqlaşmağı ilə bağlı proses baş verib. Fikrimcə, onun bundan sonra uzun müddət hakimiyyətdə oturması çətinləşəcək.
Reyting.az
araz.az xəbər portalı.