“Bir qrup adam var ki, onlar üçün dəyər yoxdur. Özləri kimi mənəviyyatları da aşılanıb. Əli Kərimli və onun “yurdçu”ları da bu kimi təhqir və böhtanlarla yaşayırlar”.
Bu açıqlama ilə “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov çıxış edib. O, deyib ki, bu adamların təhqir, böhtan demədikləri gün, ay il onlar üçün ömürdən sayılmaz:
“Bunlar adamlıqdan çıxıb məxluqlara çevrilənlərdir. Sayları heç də az deyil. Bu təhqirçilərdən biri də Zərdüşt Əlizadədir. Amma hər kəsin öz dairəsi var. Biri Heydər Əliyevdən danışır, biri Rəsulzadəni hədəfə alır, başqa birisi isə Elçibəyə böhtan atır. Zərdüşt Əlizadə adlı məxluq müsahibələrinin birində deyir ki, Elçibəy özü kürd idi, amma türklükdən danışırdı. Mənbəsi də kim olsa yaxşıdır – Əkrəm Əylisli… Adam doğrudan da bu yaşında ağlını itirənlər sinfindəndir. Birincisi, kimin türk, yaxud kürd olması onun Azərbaycanı sevməsi, Azərbaycan adına qoşulduğu dava üçün fərq etməz. Amma adam olan kəs böhtan da atmaz. Patoloji nifrət etmək olar, xislətinin bəlasına düçar olub öz içindən yanıb kül ola bilərsən, bu, sənin ruh seçimindir. Ancaq böyük adamlar haqqında yalan danışmaq, onlara böhtan atmaq, təhqir etmək əxlaq və mənəviyyatsızlıqdır. Xüsusən, o şəxsiyyətlər haqqında ki, onlar millətin, dövlətin simvollarına çevriliblər”.
Rəfail Becanovun sözlərinə görə, bu gün Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy, Heydər Əliyev bu millətin və dövlətin simvollarına çevrilmiş şəxsiyyətlərdir.
“Bu gün Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy, Heydər Əliyev bu millətin və dövlətin simvollarına çevrilmiş şəxsiyyətlərdir. Bununla bağlı AXCP sədri Razi Nurullayevin də bir fikri var. Deyir ki, Rəsulzadə də, Əbülfəz Elçibəy də, Heydər Əliyev də Azərbaycanın tarixə düşən, unudulmaz və böyük şəxsiyyətləridir. Həqiqət budur. Doğrudan da, onların hər biri haqqında danışmaq, onlarla bağlı fikir demək üçün onların etdiklərinin, edə bildiklərinin mindən birini etməlisən ki, bəlkə haqqın nəyəsə çata… Əfsus ki, cismi insan görüntüsündə olanların ruhlarında problem var. Bu yaşam tərzi həmin tipləri cəmiyyətdə çıxdaş edir”.
Cebhe.info
araz.az xəbər portalı.