Nəriman H

 

Son dövrlər gənc şair və yazıçılar arasında içkiyə meyl edənlərin sayı artıb. Yaradıcı adamlar arsında içməyin dəb halını aldığını desək, yəqin ki, yanılmarıq. Hətta içməsə, yaza bilmədiyini deyənlər də az deyil. Görünən odur ki, yeni nəsil yazarların əksəriyyəti üçün içki ilham mənbəyidir. 

Xalq şairi, akademik Nəriman Həsənzadə Yenisabah.az-a açıqlamasın içkidən heç kəsin fayda görmədiyini vurğulayıb:

“Hələ Qədim Roma dövründən Seneka adlı böyük yazıçı içkinin ziyanından danışıb. İçki ilə başı dumanlandırmaq olmaz, bu, ziyandır. İçkinin ilham mənbəyi olduğunu demək riyakarlıqdır. İçən sənətkarlar olub. Belə ki, onlar təqiblərə məruz qalıb, heç nəfəs almalarına imkan verməyiblər. Ona görə də içib pozulublar və daxili şəxsiyyətləri əldən gedib”.

Şair qeyd edib ki, içki ilham mənbəyi ola bilməz:

“İlham mənbəyi müstəqillik, ermənini donuz kimi torpaqlarımızdan qovmaqdır. Bizim gözəl gənc şairlərimiz var, mən onlarla fəxr edirəm. Yaxşı olardı ki, içməyəndə yaza bilmədiklərini deyənlər içməsinlər və yazmasınlar. İçən adamın yazısının nə mənası var ki? Təsəvvür edin ki, Puşkin, Səməd Vurğun, Rəsul Rza da içirdi, ancaq onlar məclisdə, xeyir işlərdə qaydasında içərdilər. Özlərini heç vaxt gülünc yerinə qoymurdular. Şair, yazıçı cəmiyyətin ən qabaqcıl üzvüdür. Bəzən  deyirlər ki, şairin başı dumanlı olmalıdır, bu, şairi, yazıçını lağ obyektinə çevirmək, istehza etməkdir. Onlar bunu dərk etməlidirlər. Nə edirlərsə, özlərinə edirlər və cəmiyyətə zərbə vururlar. İçkili adamla eyni evdə yaşamaq mümkündürmü? İçkinin üstündə ailələr dağılır. Çünki içənin başı özündə olmur, bunu təbliğ etmək gəncliyi pozmaqdır”.

Sayad HƏSƏNLİ

araz.az xəbər portalı.