“Mənim generalım”… İyulun 13-də Ermənistan qoşunlarının Tovuz rayonuna hücum cəhdinin qarşısının alınması zamanı həlak olmuş general-mayor Polad Həşimova yüzlərlə, minlərlə əsgər belə deyirdi.
İndi milyonlarla soydaşımız mərhum generalı belə adlandırır.
Vətənin bağrından qopub Vətən torpağı uğrunda düşmənin önünü kəsən və şəhid düşərək Vətən torpağına verilən general Polad Həşimov.
Əsl insan, əsl general, əsl vətəndaş.
Ağır itkidir, söz yox. Amma döyüşlərdə, hərbi əməliyyatlarda itkilər qaçılmazdır.
Ölkəmiz və insanlarımız da general Polad Həşimovu itirdi.
Qürrələnməliyik, fəxr etməliyik generalımızla və ordumuzla.
General-mayor Polad Həşimovun şəhadəti göstərdi ki, Azərbaycan ordusunda generallar səngərdən çox uzaqda, arxa cəbhədə oturmaqla işlərini bitmiş saymırlar. Bilaəks, generallarımız döyüş zamanı hərdaim ön cəbhədə, əsgərlərin yanında olur və Vətən torpaqlarını bacarıqları, bilikləri, peşəkarlıqları ilə bahəm, sinələri, canları və qanları ilə qoruyurlar.
Fransa imperatoru Napoleon Bonopartın generalları İohim Mürat, Mişel Ney, Jan-Batist Jurdan, Jak Makdonald, Lüi Qabriel Sühe kimi.
Polad Həşimov adını xalqın yaddaşına, Vətən tarixinə qanı ilə yazıb və bu millət var olduqca, o qəlblərimizdə müzəffər, cəsur və mərd insan, Əsl General kimi yaşayacaq.
Lakin…
Savaş meydanlarında və hərb olmadığı dönəmlərdə əsgərlər də dünyalarını dəyişir, generallar da həlak olur və ya vəfat edirlər.
Bu, reallıqdır və elə bir ölkə yoxdur ki, onun ordusu generalını itki qismində əldən verməsin.
Əsrlər əvvələ qayıtsaq, 17-ci əsrdə Avropadakı savaşlarda 125 (!) general həlak olmuşdu. 18-ci əsrdə bu rəqəm 183, 19-cu əsrdə 211, 20-ci əsrdə isə 734 oldu.
Birinci Dünya Savaşı bəşər tarixinin axarını dəyişməklə yanaşı, döyüş meydanlarında və hospitallarda həlak olan generalların sayına görə “tarixi rekord”a səbəb oldu. Sadəcə, Qərbi Avropadakı savaşlarda 162 general həlak olmuşdu.
Dünya tarixinin ən qanlı, məşum və genişmiqyaslı müharibəsi olan İkinci Dünya Savaşında isə 572 general həyatlarını itirdilər.
1945-ci ildən, həmin savaş başa çatandan bəri “general vuruldu”, “general həlak oldu” xəbərləri səngimir.
Postsovet məkanı ilə yanaşı, dünyanın ən müxtəlif ölkələrinin silahlı qüvvələri general itkiləri verirlər.
Ukrayna general-mayor, Milli Qvardiyanın əfsanəsi, Milli Qəhrəman Sergey Kulçitskinin həlakı günü matəmə bürünmüşdü. O, “əsgər general”, “əsl general” kimi ad çıxarmışdı və silahlı qüvvələrdə Kulçitskinin nüfuzu həddən ziyadə idi.
2015-ci ildə Fransanın Əcnəbi Legionunda (Légion étrangère) xidmət etməyə başlayan, briqada generalı rütbəsinədək yüksələn ukraynalı Dmitri Martınyuk bu ilin aprelin 23-də Malidə teraktda həlak olanda da Kiyev itkinin acısını yaşamışdı.
Postsovet məkanında isə Sovetlər Birliyi dağılanan sonra ən çox general itkisi verən ölkə Rusiyadır. Belə ki, 1991-ci ildən bəri Rusiyanın güc strukturlarının 42 generalı müxtəlif şəraitdə həlak olublar.
Şimali Qafqazda, Çeçenistandakı hərbi əməliyyatlarda 14 rusiyalı general döyüşlərdə həlak olublar.
İki gün əvvəlsə Suriyanın Deyr əz Zor şəhərinin yaxınlığında Rusiya ordusunun general-mayoru Vyaçeslav Qladkix partlayışda həlak olub.
Qardaş Türkiyəyə gəldikdə, Ankaranın Beytepe səmtində Şəhid Generallar abidəsi var.
Türkiyənin Silahlı Qüvvələri və jandarmeriyası PKK terrorçuları ilə mübarizədə, habelə müxtəlif hərbi əməliyyatlarda 17 generalını şəhid verib.
İraq ordusunda son 30 ildə 46 general həlak olub ki, bu siyahıda son şəxs iyulun 28-də Ənbər vilayətinin qərbindəki Hit şəhərində pusquya salınaraq öldürülən briqada generalı Əhməd Əbdül Vahid əl Ləmidir.
Əfqanıstanda son 10 ildə 8 general həlak olub. General Zahir Gül Müqbil Mərcada döyüşdə aldığı güllə yaralarından keçinib və o, hələlik döyüşdə həlak olan son əfqanıstanlı generaldır.
İran son 10 ildə 18 general itirib ki, onların 17 nəfəri Suriyadakı hərbi əməliyyatlarda həlak olublar. Suriyada öldürülən ilk iranlı general Hüseyn Həmədani idi. Sonralar Əbdül Rza Muciri, İzzətulla Süleymani, Hüseyn Həcc, Fərşad Həsunizadə və s. kimi generallar həlak oldular.
Venesuelada briqada generalı Markes Morilo 2009-cu ildən bəri həlak olmuş 14 venesuelalı generalın sonuncusudur.
Tayvan ordusunun Baş Qərargah rəisi, 63 yaşlı general-polkovnik Şen İminsə son 19 ildə həlak olmuş tayvanlı generalların arasında ən məşhuru idi. General İmin bu ilin yanvarında həlak olub.
Ümumiyyətlə isə, son 10 ildə Asiya ölkələrində 734, Afrikada – 836, Avropa Birliyində – 18, Şimali Amerikada – 5, Cənubi Amerikada – 87, Avstraliyada 2 general həlak olub.
Bütün bunlar rəqəmlərdir, statistikadır və hesablamaların kölgəsində qalan insan taleləri, yarımçıq bitən həyatların anları, təbii ki, görünmür.
Polad Həşimov isə daim görünəcək, çünki o, özünü yalnız döyüşdə irəli verən şəxsiyyətdi. Sadəcə, hərbçi yox, həm də hərb adamı idi.
Savaşı evlərimizin kandarından uzaqlaşdırmaq, düşməni elə Vətənin sərhədində qarşılamaq daha əfzəldir istənilən halda və məhz bu səbəbdən də generalımız ulusun kandarında şərəflə ləyaqətdən yoxsun düşməni önlədi.
Ermənilər çox qorxurdular. Düşmən həmişə qorxduğunu öldürməyə çalışır və elə buna görə də Polad Həşimov cismani olaraq itkimiz olsa da, Vətən və cəmiyyət olaraq payımızdır.
Şəhadət, vətənpərvərlik, cəsarət və ləyaqət payı – ən gözəl ənam bu deyilmi?
… Azərbaycan general Polad Həşimovun ölümünü yaşadı.
Azərbaycanın yaşaması üçün şəhid olan generalın…
Elçin Alıoğlu
Milli.Az
araz.az xəbər portalı.