araz.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Trend-ə müsahibəsini təqdim edir.
– Koronavirus pandemiyası dünya ölkələrini narahat edən ciddi problemə çevrilib. Pandemiya mənəvi sahəyə də öz təsirindən yan keçməyib. Bu barədə fikirlərinizi bilmək istərdik.
– Koronavirus pandemiyası hələ də insan sağlamlığına böyük təhlükə olmaqda davam edir. Onun təhlükəsi hansısa region və ya ölkə ilə məhdudlaşmır, qlobal xarakter daşıyır. Amerika, Hindistan, Rusiya, İran və digər ölkələrdə hər gün minlərlə insan pandemiyanın qurbanı olur. Ümumdünya Səhiyyə Təşkilatının, aparıcı araşdırma mərkəzlərinin ekspertlərinin rəyinə görə, koronavirus infeksiyasının birbaşa müalicəsi üçün dərman və ya peyvənd hazırlanmayana qədər ona qarşı ən effektiv mübarizə yolu izolyasiya tədbirləri həyata keçirmək, fərdi gigiyenaya diqqəti artırmaq və qoruyucu vasitələrdən istifadə etməkdir. Hazırda demək olar ki, dünyanın hər yerində bu ümumbəşəri bəlanın qarşısının alıması və onun fəsadlarının minimalizə etmək məqsədilə cəmiyyətin bütün sahələrində, o cümlədən mənəviyyat sahəsində də müəyyən məhdudlaşdırıcı tədbirlər həyata keçirilir, təhsil müəssisələri, mədəniyyət ocaqları və ibadət evlərinin fəaliyyətinə qadağalar tətbiq olunur.
Ötən dövr ərzində müsəlmanlar Ramazan və Qurban, xristianlar Pasxa bayramlarını məscid və kilsələrdə qeyd edə bilməyiblər. Hətta, İslamın inanc sistemində önəmli yeri olan və vacib əməllərdən sayılan Həcc ziyarəti çox məhdud çərçivədə qeyd olundu, dünya müsəlmanlarının Kəbə evini ziyarət etmələrinə icazə verilmədi. Eyni zamanda, İran və İraqda yerləşən, azərbaycanlı zəvvarların da ziyarət etdiyi müqəddəs məkanların fəaliyyətinə müəyyən qadağalar tətbiq olundu.
Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ölkəmizdə ilk yoluxma halı qeydə alınmamışdan əvvəl başlanılmışdı. Prezident İlham Əliyev tərəfindən həmin vaxtdan etibarən mübarizə tədbirləri nəzarət götürüldü, əhalinin sağlamlığı və insan həyatının qorunması əsas istiqamət kimi müəyyənləşdirildi. Bu məqsədlə Nazirlər Kabineti yanında Opretiv Qərargah yaradıldı, tibbi, sanitar-epidemoloji vəziyyəti öyrənmək və qabaqlayıcı addımların atılması üçün ekspert qrupları təşkil olundu, Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edildi. Minlərlə vətəndaşımız, o cümlədən din xadimlərimiz dövlət başçısının bu təşəbbüsünə dəstək verdi.
Mart ayının əvvəllərindən etibarən ÜST və yerli ekspertlərin tövsiyələri nəzərə alınaraq Operativ Qərargah tərəfindən ölkə ərazisində sərt karantin rejiminin tətbiq olunmasına qərar verildi. 17 mart 2020-ci il tarixli qərara əsasən kütləvi tədbirlərin keçirildiyi bütün qapalı məkanların, o cümlədən ibadət evlərinin fəaliyyəti dayandırıldı. Məlumat üçün deməliyəm ki, buna qədər Azərbaycanda fəaliyyət göstərən konfessiyaların rəhbərləri məsələyə öz münasibətlərini bildirmişdilər. Mart ayının 5-də Qafqaz Müsəlmanları İdarəsində keçirilmiş iclasda pandemiya dövründə ibadət evlərinin fəaliyyəti ilə bağlı bəyannamə qəbul edildi. Həmin bəyannamədə dindarlara moizə və birgə ibadətlərin təxirə salınması, mümkün olduğu qədər ibadətlərin evdə yerinə yetirilməsi, kütləvi mərasimlərin, mövlud və şəhadət günlərinin, o cümlədən ehsan mərasimlərinin keçirilməməsi məsləhət bilindi. Ramazan və Qurban bayramları ərəfəsində QMİ tərəfindən verilmiş fətvalarda möminlərə namazlarını ailə daxilində qılınması, karantin qaydalarına riayət olunması tövsiyə olundu. Ramazan və Qurban bayramı namazları məscidlərdə qılınmadı.
– Dini ayinlərin, mərasimlərin keçirilməsinə də təsir edən pandemiya şəraitində ibadətlər də dövrün tələblərinə uyğun həyata keçirilməsinə bəzi qüvvələr başqa don geyindirməyə çalışırlar. Bu məsələyə münasibətiniz?
– Görülmüş tədbirlər nəticəsində ölkəmizdə koronavirus infeksiyasına yoluxma sayının azalması, bir sıra sahələrdə karantin rejimi qaydalarının yumşaldılması ilə eyni vaxtda məscidlərin açılması ilə bağlı müzakirələr aparılmağa və çağırışlar səsləndirilməyə başlanıldı. Bəziləri bunu qarşıdan məhərrəmlik ayının gəlməsi ilə əlaqələndirirək, məscidlərdə kütləvi tədbirlərin keçirilməməsi barədə qadağanın qüvvədə qalmasında Azərbaycan hökumətinin hansısa marağının olduğunu iddia edirlər.
Bildirməliyəm ki, Azərbaycan cəmiyyətində dini və mənəvi dəyərlərə həmişə münasibət birmənalı olaraq yüksək olmuşdur. Ümumiyyətlə, belə məsələlər daim Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı ilə əhatə olunub. Dövlət başçısı mütəmadi olaraq vətəndaşların ölkədə dini etiqad azadlığını həyata keçirmələri üçün bütün şəraitin yaradılması, məscidlərin, ziyarətgahların tikilməsi, təmir-bərpası, dini icmalar və din xadimlərinin fəaliyyətinin dəstəklənməsi məqsədilə sərəncamlar imzalayır, göstərişlər verir. Bakının Təzə Pir, Əjdər bəy, Hacı Cavad, Şamaxı şəhər Cümə məscidləri, Bibiheybət, Bərdə rayonu İmamzadə, Gəncə şəhəri İmamzadə Ziyarətgah Kompleksləri dövlət vəsaiti hesabına tikilmiş və ya bərpa edilərək inanclı insanların istifadəsinə verilib. Hər il Prezident İlham Əliyev Şeyxülislam həzrətlərinin təşkil etdiyi iftar süfrələrində iştirak edir, mütəmadi olaraq dini bayramlar və digər əlamətdar günlərdə möminlərlə bir araya gəlir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən bölgələrdə iftar məclisləri təşkil edilir. Dövlət başçısı və birinci xanımın bölgə, habelə xarici səfərlərində müqəddəs məkanların ziyarət edilməsi xüsusi əhəmiyyət daşıyır.
Qeyd edilənlərə əsasən bildirməliyik ki, pandemiya ilə əlaqədar məscidlərin fəaliyyətinin məhdudlaşdırılması qərarının qüvvədə qalmasını Azərbaycan dövlətinin məqsədli siyasəti kimi təqdim olunması yolverilməz haldır. Xüsusilə də insanların sağlamlığının həyatı təhlükə altında olduğu dövrdə atılan zəruri addımlara mahiyyətinə uyğun olmayan mənaların axtarılması qərəzli olmaqla yanaşı, cəmiyyət qarşısında məsuliyyətsizlik kimi qiymətləndirilməlidir. Bu məsələdə yanlış müqayisələr əhali arasında çaşqınlığa və arzuolunmaz nəticələrə səbəb ola bilər.
Ümumiyyətlə, koronavirusla bağlı izolyasiya tədbirləri yalnız Azərbaycanda tətbiq olunmur. Dünyanın əksər yerlərində, o cümlədən müsəlman dövlətlərində də COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində ibadət evlərinin fəaliyyəti dayandırılıb və ya kütləvi dini mərasimlərin keçirilməsi qadağan edilib. Bizimlə qonşu ölkələrdə, Türkiyə, İran, Gürcüstan və Rusiyada da sərt izolyasiya tədbirləri həyata keçirilib və müxtəlif formalarda hələ davam etməkdədir. İranda mart ayından, Türkiyədə isə aprel ayından etibarən məscidlər və digər ibadət evlərinin fəaliyyəti dayandırıldı. May və iyun aylarında bu ölkələrdə “COVİD-19” xəstəliyinə yoluxma hallarının sayının azalması ilə mərhələli şəkildə və müəyyən qaydalara riayət etmək şərtilə məscidlərin fəaliyyətə başlamasına icazə verildi. Lakin həmin ölkələrdə hazırda virusa yoluxanların sayında artım müşahidə olunur ki, bu da mütəxəssislər tərəfindən narahatlıqla qarşılanır və yenidən sərt izolyasiya tədbirlərinin tətbiq edilməsi ilə bağlı müzakirələrə başlanılıb. Digər bir müsəlman ölkəsi, Azərbaycan möminləri üçün əhəmiyyətli olan İraqda da koronavirusla mübarizə çərçivəsində ölkə ərazisində yerləşən müqəddəs məkanlar və məscidlərdə kütləvi dini mərasimlərin keçirilməsinə məhdudiyyətlər tətbiq olunmaqdadır. Bu ölkənin nüfuzlu din xadimləri və alimləri qarşıdan gələn Məhərrəm ayı mərasimləri ilə bağlı müraciət ünvanlayaraq möminlərə Məhərrəmlik mərasimlərini öz evlərində təşkil etmələri, sanitar-gigiyenik qaydalara riayət olunmasını tövsiyə ediblər. Din xadimlərinə fəaliyyətlərini televiziyalar, internet və onlayn informasiya vasitələri üzərindən həyata keçirmək, dindarlara kütləvi toplantılardan uzaq durmaq barədə çağırışlar ediblər.
Son 10 gündə Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma qeydə alındı. Gündəlik yoluxma sayı yüzün altına düşdü və karantin rejimi qaydalarının mərhələli yüngülləşdirmə prosesinə başlanıldı. Lakin son 3 gündə yoluxma sayında yenidən artım müşahidə olunmaqdadır. Mütəxəssislər bu dalğalanmaya və digər ölkələrin təcrübələrinə əsasən arxayınlaşmamağı və ehtiyatı əldən verməməyi tövsiyə edirlər. Hazırkı məqamda kütləvi tədbirlər keçirilən bütün məkanlarda, böyük ticarət mərkəzlərinin, həmçinin, ibadət evlərinin fəaliyyətə başlamasını məqsədəuyğun hesab etmirlər. Artıq Operativ Qərargah tərəfindən Azərbaycanda karantin rejiminin müddəti avqust ayının 31-ə dək uzadılıb. Həmin tarixədək ibadət evlərinin fəaliyyətinə icazə verilməsi gözlənilmir.
Bu məsələyə azərbaycanlı möminlər və din xadimləri də artıq münasibətlərini bildiriblər. Onlar mütəxəssislərin rəyinə yüksək etimad göstərərək Məhərrəmlik mərasimlərində onminlərlə möminin iştirak etdiyini nəzərə alaraq bu mərasimlər zamanı sanitar-gigiyenik, sosial məsafənin saxlanması və digər qaydalara riayət olunmasına nəzarət edilməsinin mümkünsüz olduğunun vurğulayırlar. Din xadimlərinin insanların mənəvi aləmi ilə yanaşı, onların sağlamlığının qorunmasına da məsuliyyət daşıdıqlarını bildiriblər. Artıq bəzi din xadimləri Məhərrəm ayı ərzində internet vasitə ilə canlı yayım edəcəklərini, dinimizin bu ali dəyəri barədə verilişlər hazırlayacaqlarını açıqlayıblar.
Yeri gəlmişkən, bu gün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçirilən onlayn toplantıda səsləndirilən QMİ-nın Qazılar Şurasının müraciətində də bir sıra önəmli məqamlar öz əksini tapıb. Müraciətdə öz əksini tapan məqamlara qarşı din xadimlərimiz xüsusi diqqət yetirməli, bu həssas dönəmdə bu məsələdən təxribatlar üçün istifadəyə imkan verməməlidirlər.
Sonda bildirmək istərdim ki, Azərbaycan xalqı tarixinin ən çətin dövrlərində də öz dini-mənəvi dəyərlərinə sadiq qalmışdır. Dinimizi qoruyaraq bugünkü nəslə gətirib çatdırmışlar. Hazırda məscidlərmizdə hər gün vaxtlı-vaxtında azanlar oxunmaqdadır, möminlərimiz bu bəlanın tezliklə bitməsi üçün dualar etməkdədirlər. Ümid edirəm ki, yaxın vaxtlarda dünya bu bəladan xilas olacaq, yenidən normal həyatımıza dönəcəyik. Möminlərimiz yenidən məscidlərimizdə öz vacib ibadətlərini sərbəst şəkildə yerinə yetirəcəklər.
Eyni zamanda, qeyd etməliyəm ki, biz bu prosesin sürətlənməsinə tövhə də verə bilərik. Xəstəliklə mübarizənin ön cəbhəsində olan həkimlərimiz, əsgərlərimiz, polislərimiz artıq neçə aylardır ki, böyük əzmlə çalışırlar. Onlardan bəziləri evlərinə, ailələrinin yanına belə gedə bilmirlər, bəziləri bu mübarizədə həyatlarını itiriblər. Biz hamımız onlara və onların ailələrinə mənəvi dəstək üçün, həmçinin, risk qrupuna daxil olan yaşlı insanlarımız, analarımız, atalarımız, nənə-babalarımız və xəstə yaxınlarımız üçün səylərimizi birləşdirməliyik. Bunun üçün bizdən sosial məsafə saxlamaq, fərdi gigiyenamıza diqqəti artırmaq və qoruyucu vasitələrdən istifadə etmək kimi sadə qaydalara riayət etmək tələb olunur.
araz.az
araz.az xəbər portalı.