WhatsApp Image 2020 08 20 at 21.53.022016- cı ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən bir – birinin ardınca acınacaqlı məğlubiyyətə uğraması bu ölkədə siyasi böhranı daha da dərinləşdirib.  Həmin vaxta qədər  işğalçı ölkə öz ordusunun məğlubedilməz olması barədə mif yaradırdı. Lakin 2016- cı ilin Aprel döyüşlərində həm mənfur qonşumuza, həm də dünya birliyinə məlum oldu ki, Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi hər an azad etməyə qadirdir. Həmin döyüşlərdə  strateji əhəmiyyətli  yüksəkliklərin düşməndən azad edilməsi, 25 il düşmən əsarətində qalan  2 min hektardan çox ərazimizin Silahlı Qüvvələrimizin nəzarətinə keçməsi, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Şərur rayonunun Günnüt kəndinin  26 ildən sonra –2018- ci ildə düşməndən təmizlənməsi  Azərbaycan Ordusunun gücünün göstəricisidir.

Bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdilər. Lakin bu dəfə də, necə deyərlər, “daş qayaya rast gəldi”. Ermənistan hərbçiləri böyük itki verərək geri çəkildi. Təcavüzkar ölkənin  rəhbəri dərhal müxtəlif ölkələrə bəyanatlar göndərərək, guya, təxribatın Azərbaycan Ordusu tərəfindən törədilməsi barədə yalan məlumatlar yaydı. Ancaq onun bu yalanlarına inanan olmadı. Bir daha gördülər ki, yenilməz Azərbaycan Ordusu qarşısında zəif və acizdirlər.

Tovuz əməliyyatında da uğursuzluğa düçar olan Ermənistan tərəfi indi müxtəlif şaiyələr yaymaqla Azərbaycan əhalisi arasında  qorxu yaratmaq istəyir. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Aratunyan Gəncəni vurmaqla ölkəmizi təhdid edir. Onun  respublikamızı hədələməsi barədə məlumatlar, əslində, ermənilərin özlərini qorumaq məqsədilə təşkil olunmuş şaiyədir. Bizdə belə bir el məsəli var: “Hürəyən it, tutağan olmaz” . İndi qondarma rejimin başçısının da  hədə -qorxusu buna bənzəyir.  Görünür, Araik Aratunyan  Tovuzdakı uğursuzluqdan sonra  Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin gücünə bələd olduğundan belə təxribatlara çətin gedər.

Əslində, seperatçıların içərisində özünə müsbət imic yaratmaq istəyən qondarma rejimin başçısı Araik Aratunyan Azərbaycanı  Gəncəni vurmaqla  hədələməklə  imic formalaşdırmaq istəyir. Ancaq bunun əksi olaraq, özünü gülünc vəziyyətinə salır. Söz yox ki,  Ermənistan artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib və bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib.  Ancaq,  necə deyərlər, it onun qulağını kəsəndən qorxar. Ermənistan ordusnun “qulağı artıq  bir neçə dəfə kəsilib”.

Xatırlayırsınızsa, əvvəllər  də Ermənistan  Azərbaycanı Sərsəng Su Anbarını və Mingəçevir Su Elektrik Stansiyasını partlatmaqla hədələyirdi. Düşmənlərimiz Sərsəng Su Anbarının təyinatını dəyişdirmək və onu Azərbaycana qarşı ekoloji terror vasitəsinə çevirmək üçün  cəhd göstərsə də, heç nəyə nail ola bilmədilər.  Faşist xislətli ermənilər dəfələrlə Azərbaycanın hərbi obyektləri ilə yox, insanların yaşadığı şəhərlərlə, mülki obyektlərlə təxribata  başlayır və həmişə də uğursuzluğa düçar olurlar.  Bu dəfə də Gəncəni hədəf seçməklə yeni qorxu, gərginlik yaratmaq istəyirlər.  Gözləmək olardı ki, ATƏT-in Minsk qrupu Ermənistanın növbəti təxribat planına, heç olmasa,  söz yığınından ibarət olsa da, bəyanatla cavab verər. Təəssüf ki, bunu da etmədi. Dünya birliyinin Ermənistanın təcavüzkar bəyanatlarına  ikili standartlardan yanaşması   bu ölkəni daha qorxulu planların həyata keçirilməsinə yönəldir və getdikcə daha da quduzlaşdırır.

Azərbaycanı Gəncəni vurmaqla hədələyənlərin  dar düşüncəli olmaları özünü açıq şəkildə büruzə verir. Unudurlar ki, əgər onlar Gəncəyə qarşı hansıa  məkrli planı həyata keçirməyə hazırlaşsalar,  Azərbaycan Ordusunu  Xankəndidə görəcəklər və ordumuzun  ciddi təzyiqni Yerevanda hiss edəcəklər. Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar, təəssüf ki,  bu dəfə də “ağızlarına su alıblar”.  30 il ərzində belə təxribatçı bəyanatlara diqqət yetirməmək, susqunluq nümayiş etdirmək insan hüquq və azadlıqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq təşkilatlara, o cümlədən qüdrətli dövlətlərə olan  inamı, etimadı  azaldır.

Qondarma cinayətkar rejimin başçısı Araik Aratunyan Azərbaycanı təhdid edərək  Gəncəni vuracaqları ilə hədələməsi ermənilərin faşist xislətinin növbəti təsdiqidir. Ona  görə də qondarma rejimin başçısı Araik Aratunyanın bu təhdidi  dünya birliyi tərəfindən ciddi qəbul olunmalı və nəzarətə götürülməlidir.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

araz.az xəbər portalı.