Dövlət Təhlükəsizlik Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətinə “baş çəkdikdən” sonra anti-korrupsiya əməliyyatları mərkəzi icra hakimiyyətlərinə sıçradı.
Bundan sonra ortaya belə iddialar atıldı ki, yerli icra hakimiyyətlərində keçirilən əməliyyatlar hakimiyyət daxilində baş qaldıran ziddiyyətlərdən qaynaqlanır. Həbs edilən icra başçıları isə hansısa qruplaşmalara bağlı məmurlardır.
Baxmayaraq ki, DTX Mədəniyyət və Xarici İşlər nazirliklərində əməliyyatlar keçirən ərəfədə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bəzi yerli icra hakimiyyətlərində həbslər həyata keçirirdi. Doğrudur, həbs edilən məmurlar yüksək vəzifədə təmsil olunmurdular. Lakin hər halda icra hakimiyyətləri diqqətdən kənarda qalmamışdı.
Dünən Kürdəmir Rayon İcra Hakimiyyətində icra başçısı Ceyhun Cəfərovun həbsilə müşayiət edilən əməliyyatdan sonra isə bir daha aydın oldu ki, hakimiyyət başlatdığı prosesi dayandırmayıb. Eyni zamanda həbslər heç də iqtidardaxili ziddiyyətlərin təzahürü deyil.
Son əməliyyatdan belə qənaət hasil olur ki, yerli icra hakimiyyətləri baş verənlərdən nəticə çıxarmır. Hakimiyyətin zirvəsində də bunun fərqindədirlər. Ona görə də icra başçılarının fəaliyyəti ciddi nəzarət altındadır.
Bu isə o deməkdir ki, hakimiyyətin apardığı islahatlara uyğun fəaliyyət göstərməyən bütün icra başçılarının qapısı döyülə bilər.
Prezident İlham Əliyev bundan əvvəlki həbslərə münasibət bildirərkən qanunsuz əməllərə yol verən heç bir məmurun cəzasız qalmayacağını bəyan edib. O qanunsuzluq edən məmurlara hakimiyyətdəki dayaqlarının da yardım edə bilməyəcəyini xüsusi vurğulayıb.
“Yeni Sabah”
araz.az xəbər portalı.