Mirkazim Seyidov Tanınmış ictimai-siyasi xadim və fəal  diasporçu Mirkazım Seyidov son günlər cəbhə xəttində baş verənlərlə bağlı çağırış mahiyyətli Bəyanat yayıb. Müəllif, bir hissəni təqdim etdiyimiz həmin bəyanatında xüsusi olaraq onu vurğulayıb ki, hazırda Azərbaycan ordusu tarixin qızıl səhifələrini yazır: “Dövlətimizin rəşadətli ordusu mənfur düşmənlərimizi darmadağın edərək, onları öz ata-baba yurdlarımızdan çıxarır. Artıq bir neçə kənd işğaldan azad edilib və terrorçu Ermənistanın hərbi birləşmələri öz cəzalarını alıblar. Cəbhə xəttində gərgin döyüşlər davam edir, Azərbaycan ordusu inamla irəliləyir. Əbədi və əzəli düşmənlərimiz olan ermənilər yüzlərlə itki verib, onların texnikaları, silah anbarları, artilleriya qurğuları məhv edilib. Ordumuz bir neçə kəndlə bərabər, strateji yüksəklikləri də ələ keçirib”.
Mirkazım Seyidov onu da vurğulayıb ki, Azərbaycan öz haqq işini görür və hazırda Xeyirlə Şər arasında döyüş gedir: “Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı özünü əsgər hesab edir. Cənab Ali Baş Komandan İlham Əliyevin bir işarəsi ilə milyonlarla azərbaycanlı səfərbər olmağa, terrorçu Ermənistanı tamamilə məhv etməyə, 30 illik işğalı sona çatdırmağa hazırdır. Bizim güclü ordumuz var və hazırda Qarabağda bütün erməniləri pərən-pərən salıb. Rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbələr endirir və inanırıq ki, tezliklə Cənab Prezidentin möhkəm iradəsi, əzmkarlığı və əsl liderlik keyfiyyətləri sayəsində torpaqlarımız işğaldan tamamilə azad ediləcək. Biz xoş xəbərlər gözləyirik. Biz Ali Baş Komandanın yanındayıq və bu haqq işində onun əsgərləriyik”.
Mirkazım Seyidov öz Bəyanatında onu da qeyd edib ki, hazırda Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif dövlətlərə minnətçi düşərək yalvarır: “Axı, bu sərsəm adam bir neçə gün əvvəllə kimi bizi hədələyirdi. İndi döyüşləri dayandırmaq üçün niyə yalvarır?! O, başa düşməli idi ki, Azərbaycan dövlətinin səbri tükənməz deyil”.
Ermənilərin yerli əhalini atəşə tutmasını qəti şəkildə pislyən Bəyanat müəllifi, Azərbaycan ordusunun mülki əhalini heç vaxt hədəf seçmədiyini və bundan sonra belə olacağını da xüsusi vurğulayıb: “Biz Ermənistanın ordusu ilə döyüşürük, mülki əhalini gülləbaran etmək bizim xarakterimizə ziddir. Bu barədə bizim dövlətin müvafiq qurumları rəsmi açıqlamalar da verdi. Amma Ermənistan öz vəhşi xislətini nümayiş etdirərək, cəbhə xəttində yaşayan mülki əhalimizi də hədəfə alıb. Bu həm də onu göstərir ki, Ermənistan başını itirib, Azərbaycan ordusunun sarsıdıcı zərbələri onları tamamilə çıxılmaz duruma salıb”.
İnsanları dəqiqləşdirilməmiş, rəsmi təsqdini tapmamış informasiyaları yaymaqdan çəkinməyə çağıran Mirkazım Seyidov bildirib ki, belə bir həssas məqamda hər kəs məsuliyyətli olmalı, rəsmi məlumatlara istinad etməli, düşmənlərin informasiya sahəsindəki təxribatlarına uymamalıdır: “Xüsusilə, sosial şəbəkə istifadəçiləri son dərəcə məsuliyyətli olmalı, əldə etdikləri hər informasiyanı paylaşmamalıdırlar. Azərbaycan ordusu öz işini görür, cəmiyyətimiz döyüşlər barədə məlumatlandırılır. Bu barədə televiziyalar, etibarlılığı şübhə doğurmayan saytlar məlumatlar yayırlar. Yalnız rəsmi xəbərlərə inanmaq lazımdır. Çünki Ermənistan məğlub duruma düşüb və çalışacaq ki, dezinformayalar yayaraq ictimai rəyə təsir etsin. Bir daha Ali Baş Komandanımıza, Ordumuza, xalqımıza növbəti qələbələr arzu edirəm. Bu ağır döyüşlərdə qəhrəmancasına döyüşərək xalqımıza qələbə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.