Təhsil naziri Emin Əmrullayevin bu xoşagəlməz hadisəyə reaksiyası necə olacaq?!
Təhsilin inkişafı hər bir ölkənin
inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkə başçısının Azərbaycan təhsilinin inkişafına xüsusi diqqət ayırması da onu göstərir ki, bu mühüm amil bizim dövlət siyasətimizdə belə əsas strateji istiqamətlərdən biridir. Məhz bu səbəbdən də, təhsil sahəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar, hal-hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və bu sahədə həyata keçirilən genişmiqyaslı mühüm tədbirlər ölkəmizdə savadlı və istedadlı gənc nəslin yetişməsində, təhsil sahəsində yüksək nailiyyətlərin əldə olunmasında, ən əsası, dövlətimizin sürətli inkişafında əsas rol oynayır. Bütün bunlar onun sübutudur ki, hal-hazırda Azərbaycan təhsili özünün yeni inkişaf dövrünü yaşayır.
Ölkə başçısının rəhbərliyi altında, bütün təhsil müəssisələrində bu inkişaf yolunda mühüm addımların atılığı belə bir vaxtda, Ağdam Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 66 saylı Ağdam köçkün məktəbində direktor vəzifəsini daşıyan Rahil Rəhbər oğlu Əzizovun fərqli addımlar atması başa düşülən deyil. Bu haqda araz.az-ı rayonun Quzannı qəsəbəsinin sakini Cəsarət Valeh oğlu Məmmədov məlumatlandırıb. Daha doğrusu, o, adını çəkdiyimiz məktəb direktorundan şikayətçidir və onun tərəfindən başına gətirilənlər barədə yazdığı geniş məktubunu redaksiyamıza ünvanlayıb.
Şikayət məktubunun müəllifi yazır ki, o, əvvəllər Ağdam “Sukanal” İdarəsində çalışıb. İndi isə, fərqli əmək fəaliyyəti ilə məşğuldur: “Mən adını çəkdiyim bu idarədə çalışarkən, Rahil Əzizovun qardaşı Amil Əzizov da, işlədiyim bu qurumda vəzifə sahibi idi. Xeyli müddət bundan öncə, qol qoyduğu mənimsəmə faktlarına görə, rəhbərlik tərəfindən daşıdığı vəzifəsindən uzaqlaşdırılan bu şəxslə tanışlığım da, elə, orada işlədiyim vaxtlardan başlayıb. Elə, onda bilirdim ki, qardaşı Rahil Əzizovun direktor olduğu 66 saylı Ağdam köçkün məktəbi Xındırıstan qəsəbəsində yerləşir. Təqribən 6-7 ay bundan öncə, Amil Əzizov mənə dedi ki, istəsəm, direktor qardaşı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən, mənə də, üçotaqlı mənzil alıb, verə bilər. Guya, bu işdə ona yaxından kömək edən Məmməd adlı şəxs də var və o, bu qardaşların yaxın qohumudur. Özü də, Prezident Administrasiyasında işləyir və mühüm vəzifə sahibidir. Qardaşı bu və bu kimi işləri, məhz onun vasitəsi ilə həll edir.
Amil Əzizov mənimlə söhbətində onu da bildirdi ki, hal-hazırda qardaşının adına Xındırıstan qəsəbəsində ev olsa da, həmin qohumunun imkanlarından yararlanaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən paytaxt Bakıda özünə əlavə bir mənzil də ala bilib.
Düzdür, vaxtilə Amil Əzizovla bir idarədə çalışdığımdan və bu şəxsi müəyyən qədər tanıdığımdan, onun bu yöndə danışıqlarına inanırdım. Belə bir səbəb üzündən də, qardaşı Rahil Əzizova, aramızdakı razılaşma və vədlər müqabilində, mənzil almağıma köməklik göstərməsi üçün, ötən 6-7 ay ərzində üst-üstə 15. 800 manat pul verdim. O isə, bu günədək nə mənzil məsələmi həll edib, nə də ki, verdiyim 15.800 manat pulumu geri qaytarıb. Yeri gəlmişkən, qeyd edim ki, bir neçə gün bundan öncə, 65 yaş həddində olan anam da Rahil Əzizovun yaşadığı evə gedib və ondan ya mənzil məsələmi həll etməsini, ya da ki, verilmiş pulllarımı geri qaytarmasını tələb edib. Bu zaman, o, yaşadıqları mənzilin içində anamı alçaldıcı sözlərlə təhqir edib, hətta, onun üstünə stul ataraq, vurmaq istədikdə, məktəb direktoru vəzifəsini daşıyan bu şəxsin ailə üzvləri buna imkan verməyiblər.
Onu da qeyd edim ki, Rahil Əzizov bir müddətdir “Prado” markalı maşın sürür. Zənnimcə, o, bu nəqliyyat vasitəsini məndən aldığı pul hesabına alıb. Düşünürəm ki, onun bu cür bəd əməlləri Azərbaycan müəlliminin və ziyalısının adına yaraşmır və utanc gətirir. Əslində, məktəb direktoru vəzifəsini daşıyan bu şəxs ölkəmizdə təhsilin inkişaf etdirilməsi, problemlərinin aradan qaldırılması, şagirdlərin elmə və təhsilə mükəmməl yiyələnməsi, gənc nəslin sağlam ruhda tərbiyə olunması üçün çalışmalıdır, nəinki maklerlik fəaliyyətinə baş qoşmalıdır. Məhz bu və bu kimi xoşagəlməz səbəblərə görədir ki, müəllim və ziyalı adı son vaxtlar daha çox ictimai qınağa tuş gəlir. Elə, Rahil Əzizov da, bəd əməlləri ilə, ictimai qınağa rəvac verən belələrindən biridir. O, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə və mənfur düşmənlərimizlə müharibə getdiyi belə bir həssas məqamlarda, məni bir vətəndaş kimi bu gərginliyə salmamalıydı. İndi, mən, nə edəcəyimi bilmirəm, çünki, o, çox çətin adamdır. Görək, təhsil naziri Emin Əmrullayevin bu xoşagəlməz məsələyə reaksiyası necə olacaq?!.”.
Redaksiya olaraq, baş verənləri təhlil edib, belə bir qənaətə gəldik ki, həqiqətən də, son vaxtlar törədilən bu cür xoşagəlməzliklərə görə, belə məsul vəzifə sahiblərinin adları daha çox hallanır. Elə,
66 saylı Ağdam köçkün məktəbinin direktoru Rahil Əzizov da, onlardan biridir. Tam əminik ki, ölkə başçısının etimad və etibar göstərib, Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin etdiyi Emin Əmrullayev, bu ciddi məsələdən xəbər tutan kimi, bu məktəb direktorunun bu cür əməllərinin araşdırılması üçün lazımi tapşırığını verəcək və bu gərginlikdə əziyyət çəkən bu vətəndaşımıza öz köməyini əsirgəməyəcək.
Mövzunu diqqətdə saxlayacağıq.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri
araz.az xəbər portalı.