IMG 20201020 232244 754DƏRƏLƏYƏZ Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri Zeynal Həsənəliyevin imzasıyla, araz.az-ın redaksiyasına, Vətən müharibəsi ilə bağlı  təşkilatın adından qəbul edilmiş BƏYANAT daxil olub. Tam qədimdən Qərbi Azərbaycan — indiki Ermənistan ərazisində yaşamış azəri türklərinin dədə-baba məskənləri, böyük bir mahal kimi tarixə düşən Dərələyəzdən daşnak quldurları tərəfindən deportasiya olunan, doğma Vətən həsrəti ilə şam kimi əriyən minlərlə ata-babalarımızı, ana-nənələrimizi, oğul-qızlarımızı öz ətrafında birləşdirən həmin İctimai Birliyin bu Bəyanatının əvvəlində mənfur düşmənlərimizin tarixin bütün dönəmlərində törətdikləri iyrəncliklər qətiyyətlə pislənir. Xüsusi olaraq qeyd olunur ki, elə, daşnak tör-töküntülərinin Dağlıq Qarabağda törətdikləri də, həmin iyrəncliklərin davamı idi: “Ermənilər bu münaqişənin başlanğıcında da, yüz minlərlə dinc azərbaycanlı əhalini soyqırımına məruz qoyaraq, ata-baba yurdlarından qovdular. Artıq 30 ildir ki, mənfur qonşularımız tərəfindən doğma Azərbaycanımızın halal torpaqlarının 20 faizi işğal edilib. Bu iyrənc işğalçılıq siyasəti nəticəsində dinc sakinlər öz ata-baba yurdlarından vəhşicəsinə qovulub, didərgin düşüb”, — Bəyanatda deyilir.
       Dərələyəzli Qərbi azərbaycanlılar daha sonra bəyan edirlər ki, tarixlər boyu sülhün carçısı kimi tanınan Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nə qədər səy nümayiş etdirsə də, öz çirkin və murdar əməllərini həyata keçirməyə çalışan Ermənistan daim bu məsələnin dinc yolla həllindən qaçdı: “Hətta, son zamanlar, yəni, 2020-ci il iyun ayından başlayaraq yeni ərazilərimizi işğal etmək məqsədilə təxribatlar törətməyə başladı. Erməni qaniçənlər sentyabr ayının 27-də yenidən təxribat törədərək, Milli Ordumuzun müdafiə mövqelərinə ən müasir silahlardan atəş açdılar. Düşməni yerində oturtmaq üçün, Şanlı Azərbaycan Ordusu əks-hücuma keçdi və işğal altında olan torpaqlarımızı da azad etməyə başladı. Elə, belə də olmalıydı, çünki çox quduran erməni tərəfin beynəlxalq təşkilatların qəbul etdikləri etiraz sənədləri belə veclərinə deyildi”.
      İctimai Birliyin bu Bəyanatının sonunda isə qeyd olunur ki, yurd həsrətlilərin “Vətən!” deyəndə əsən dodaqları, selə dönən axan göz yaşları yaradıb: “Bunun qarşısını isə, yalnız və yalnız, onları dədə-baba yurdlarına qovuşdurmaqla almaq olar. Elə, Dərələyəz Vətənpərvərliyin Təbliği İctimai Birliyi də, bütün fəaliyyətini bu strateji hədəfə doğru istiqamətləndirib. Biz belə hesab edirik ki, Qərbi Azərbaycandan, eləcə də Qarabağdan olan qaçqın və köçkünlərin tarixi yurdlarına bağlılıqlarını, onlarda həmin torpaqlara qayıdış inamını gücləndirmək üçün çox iş görülməlidir. Məhz buna görə də, biz dərələyəzlilər möhtərəm Prezidentin və Şanlı Azərbaycan Ordusunun bu haqq işini dəstəkləməklə, daim onların yanında olduğumuzu bəyan edirik; Ali Baş Komandamızın əmri altında, Dərələyəz Vətənpərvərliyin Təbliği İctimai Birliyinin minlərlə üzvü doğma Vətən ərazisinin bütövlüyünü qorumağa hər an hazırdır!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
 
 
 
Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.