Moldovanın “Publika” telekanalında Kişinyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk rəsmi reaksiyası ilə əlaqədar xəbər yayımlanıb. Xəbərdə həmin ölkənin Xarici işlər naziri Oleq Tsulyanın azərbaycanlı həmkarı Ceyhun Bayramova Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərdiyi, həmin məktubda Moldovanın dövlətimizin ərazi bütövlüyünü dəstəklədiyi də qeyd olunur.
Bu barədə Azərbaycanın Moldovadakı səfirliyindən araz.az-a daxil olan xəbərdə deyilir ki, telekanalın həmin süjetində xarici işlər naziri həmçinin Dnestryanı bölgədəki vəziyyətlə Qarabağ münaqişəsinə paralellik gətirərək, hansısa ölkə ərazisində dondurulmuş münaqişənin mövcudluğunun fəsadlarının Moldovaya yaxşı bəlli olduğunu xüsusi vurğulayır. Bundan əlavə, Moldova rəsmisi belə məsələlərin sülh yolu həll olunmasının vacibliyini qeyd edir, beynəlxalq ictimaiyyətin səyləri nəticədində, Ermənistanla Azərbaycan arasında silahlı toqquşmaların dayandırılacağına ümid etdiyini bildirir.
Həmin video-süjetlə aşağıdakı linkdə tanış olmaq mümkündür:
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.