Noyabrın 1-ində Moldovadakı prezident seçkilərini müşahidə etmək məqsədilə, bu ölkədə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun rəhbəri Adil Əliyev, nümayəndə heyəti ilə birlikdə, Kişinyov şəhərində azərbaycanlı iş adamları, diaspor fəalları və gənclərlə görüş keçirib. Azərbaycanın bu ölkədəki səfirliyindən araz.az-a daxil olan xəbərə görə, görüşdə Moldova Demokrat Partiyası fraksiyasının rəhbəri, deputat Dumitru Diakov da iştirak edib. Adil Əliyev Azərbaycan həqiqətlərindən söhbət açaraq, Ermənistanın təcəvüzkar siyasəti, onların dinc əhaliyə qarşı raket hücumu nəticəsində günahsız insanlara və şəhərlərimizə dəyən ciddi zərərlərdən danışıb, Azərbaycan Ordusunun səriştəli əks-hücumu müqabilində isə, düşmənə layiqli cavab verildiyini dilə gətirib. Millət vəkili hərbi sahədə ordumuzun uğurları ilə yanaşı, diplomatiya sahəsində Ali Baş Komandanın münaqişə ilə bağlı qətiyyətli mövqe nümayiş etdirdiyini xüsusi vurğulayıb, ölkə rəhbərinin xarici jurnalistlərin suallarını yüksək bacarıqla cavablandırdığını və bu çətin günlərdə müraciətlərlə çıxış edərək, xalqının daim yanında olduğunu da xüsusi qeyd edib. Natiq, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə baş çəkərək, onları mütəmadi diqqətdə saxlamasını və döyüşdə yaralanan əsgərlərimizə baş çəkərək, onların vəziyyəti ilə daim maraqlanmasının hər bir insan üçün örnək olduğunu da bildirib.
Natiq nitqinin sonunda Moldovada yaşayan azərbaycanlılara bu günlərdə həmişəkindən daha çox birliyə, vətənpərvərliyə ehtiyac olduğunu çatdırıb və bunların bariz nümunəsi olan indiki bu toplantıya görə də, görüş iştirakçılarına təşəkkür edərək, hər kəsə gələcək fəaliyyətində uğurlu nailiyyətlər diləyib.
Moldovalı deputat D. Diakov da öz çıxışında Qarabağ münaqişəsindən danışıb, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa edilməsini yaxından dəstəklədiyini bildirib, Azərbaycan prezidentinin apardığı uğurlu siyasətin ölkəmizə qələbə bəxş etdiyini qeyd edib, bundan əlavə, Moldovada yaşayan azərbaycanlılardan ibarət diasporun fəallaşmasının müşahidə edildiyini də, tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Görüşdə çıxış edən ölkəmizin Moldovadakı səfiri Qudsi Osmanov, son vaxtlar burada yaşayan azərbaycanlıların ictimai-siyasi fəaliyyətlərinin gücləndiyini və onların ölkəmizlə bağlı baş verən hadisələrdə birlik nümayiş etdirərək, səfirlik tərəfindən təşkil edilən tədbirlərin fəal iştirakçılarına çevrildiklərini bildirib. Diplomat yaxın gələcəkdə Moldovanın ictimai-siyasi həyatında azərbaycanlıların təmsil edilməsi istiqamətində səylərin gücləndirildiyini qeyd edib, səfirliyin istedadlı gənclərin hər zaman arxasında olduğunu da dilə gətirib.
Daha sonra, Moldovadakı azərbaycanlıların ağsaqqalı kimi tanınan nüfuzlu iş adamı Firuz İsayev çıxış edib. O, Adil Əliyev başda olmaqla, nümayəndə heyətinin üzvlərinə, ölkəmiz üçün həssas olan belə bir məqamda belə bir önəmli görüş keçirdiklərinə görə təşəkkür edib, nəinki gənclərin, eləcə də bütün azərbaycanlıların prezidentimizin ətrafında sıx birləşdiyini xüsusi vurğulayıb. O, Ali Baş Komandanın rəhbərliyi altında Milli Ordumuzun müharibədə əldə etdiyi uğurlar hesabına, xalqımızın qürurunun özünə qaytarıldığını da dilə gətirib.
Tədbirin sonunda Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov çıxış edərək, deputatlarımızdan ibarət nümayəndə heyətinə təşəkkürünü və MAK-da aparılan islahatlar nəticəsində, azərbaycanlı diasporun gəncləşdirildiyini və daha da fəallaşdırıldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.