Son illər ölkəmizin hüquq-mühafizə orqanları sahəsində çalışan bəzi vəzifə sahiblərinin atdıqları addımlarla bağlı ictimai fikirdə çoxsaylı şübhələr, müəyyən söz-söhbətlər baş qaldırmaqdadır. Sözsüz ki, buna müxtəlif amillərin varlığı səbəb olur ki, həmin amillər içərisində ən əsası, qanunçuluğun keşiyində duran hüquq-mühafizə orqanı əməkdaşlarından bəzilərinin, məhz qanunun tələblərini tapdaqlar altına atmaları olur. Bir neçə gün bundan öncə araz.az-ın redaksiyasına Gədəbəy rayonu, Əmiraslanlı kənd sakini, 70 yaş həddinə çatan, ağır şəkər xəstəsi olan Zülfüqar Kazım oğlu Məmmədovun müxtəlif dövlət qurumlarının rəhbər şəxslərinə, o cümlədən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə, baş prokuror cənab Kamran Əliyevə, daxili işlər naziri cənab Vilayət Eyvazova və digər vəzifə sahiblərinə yazmış olduğu şikayət ərizəsinin bir surəti daxil olub. Adı çəkilən bu şəxs şikayət ərizəsində qeyd edir: “2021-ci ilin fevral ayının 7-dən 8-nə keçən gecə, saat təxminən 01:00 radələrində Tovuz rayonu, Ceyrançöl qış otlaqlarının 73 nömrəli sahəsində Rafiq adlı şəxsə məxsus yataq ərazisində, 01 may 1984-cü il təvəllüdlü övladım İlqar Zülfüqar oğlu Məmmədov döş qəfəsindən aldığı puçaq zərbəsi ilə öldürülür. Yəni, hadisənin baş verməsi olayı belə yaşanır. Yataq ərazisində çobanlıq fəaliyyəti ilə məşğul olan Rahil adlı şəxs oğurluq etdiyinə, işinə səhlənkar yanaşdığna, həmçinin nəlayiq söyüş sözləri söydüyünə görə, bir neçə dəfə oğlum İlqar Məmmədov ona xəbərdarlıq edir. Belə bir səbəbdən də, Rahil oğlumu aradan götürmək qərarına gəlir və o, bir neçə nəfərin (Azad, Elvin, Orxan, Sona, Aybəniz və Aygün) iştirak etdiyi qonaqlıq məclisi düzüb-qoşur. Qeyd edim ki, oğlum da təşkil olunan məclisə dəvət olunur və az sonra İlqarın məclisdəki şəxslərlə sözü düz gəlmir və belə bir səbəbdən də, o, məclisi yarımçıq tərk edib qaldıqları yerə gedir. Bir qədər vaxt keçdikdən sonra isə, məclisdə olan dörd nəfər kişi, üç nəfər qadın oğlumu azyaşlı övladlarının və həyat yoldaşının gözləri qarşısında məcburu bayıra çıxarırlar. Elə ki, həmin vaxt İlqar onların əllərindən çıxıb qaçmaq qərarına gəlir, o halda 06 sentyabr 1990-cı il təvəllüdlü Elvin Sumbat oğlu Əhmədov oğlumun ürək nahiyəsinə buçaqla ağır xəsarət yetirir. Çox keçmir ki, oğlum aldığı puçaq xəsarətindən dünyasını dəyişir. Az sonra həmin şəxslər oğlumun meyitini onun ailəsinin yaşadığı otağın yanına aparıb adyala bükürlər və Orxan adlı şəxsin idarə etdiyi avtomobilə qoyub naməlum istiqamətə aparırlar. Elə ki, baş verən ölüm faktı ilə bağlı polis əməkdaşları məlumatlandırılır və o halda çox keçmir ki, İlqar Məmmədovun meyiti Tovuz MRX-nın qarşı tərəfindən tapılır.
Qeyd edim ki, baş verən ölüm faktı əsasında Tovuz rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə cinayət işi qaldırıldı və istintaq işinin aparılması müstəntiq Anar İsgəndərliyə həvalə olundu. Az sonra ölüm faktının lazımi səviyyədə aparılmadığını gördüm və buna görə də, belə bir halın varlığına qəti etirazımı bildirdim. Düzdür, rayon prokuroru Elçin Qəhrəmanov etirazı nəzərə aldı və toplanmış iş materiallarını müstəntiq Anar İsgəndərlidən alıb, digər müstəntiq Namiq Əmirliyə həvalə etdi. Təəssüf doğuran hal odur ki, bu gün də istintaq araşdırmaları lazımi səviyyədə aparılmır və belə bir halın varlığına, hal-hazırda da qəti narazılığımı bildirirəm. Çünki, indiyə kimi hadisənin canlı şahidi olmuş gəlinim Tamella Yusif qızından və nəvəm Kənandan heç bir yazılı izahat alınmayıb. Yəni, onu demək istəyirəm ki, oğlum İlqar buçaqla vurulduqdan sonra o, nəvəm Kənanın qolları arasında can verib dünyasını dəyişir. Hadisə baş verən vaxt baş nahiyəsindən xəsarət alan və çobanlıq fəaliyyəti ilə məşğul olan Məhəmməd adlı şəxs ekspertizaya göndərilmir. Ən əsası, oğlumun qətlinin təşkilatçısı və əsas səbəbkarlarından olan Orxan adlı şəxs, hələ də azadlıqdadır. Buna da əsas səbəb, Orxanın olduqca imkanlı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nadir adlı şəxsin övladı olmasıdır. Digər tərəfdən, baş verən ölüm hadisəsi zamanı müəyyən rolları olmuş Azad, Sona, Aybəniz və Aygünün atdıqları addımlara görə məsuliyyətlərinin müəyyən olunmaması da, bu gün bizi olduqca narahat etməkdədir. Ona görə də, bu gün cinayət işinin istintaqının Tovuz rayon Prokurorluğunda aparılmasına qəti etirazımı bildirirəm”. Düşünürük ki, İlqar Zülfüqar oğlu Məmmədovun döş qəfəsindən aldığı puçaq zərbəsi ilə öldürülməsi faktı baş prokuror cənab Kamran Əliyev və daxili işlər naziri cənab Vilayət Eyvazov tərəfindən diqqətdə saxlanılacaq. Yəqin ki, o halda bir çox mətləblərə aydınlıq gətiriləcək və baş verən ölüm hadisəsində rolu olan hər kəsin qanunla məsuliyyəti də müəyyən olunacaq.
Mövzuya qayıdacağıq.
araz.az xəbər portalı.
P.S. Hörmətli oxucular! Biz hadisənin başvermə səbəbləri haqda müəyyən məlumatları əldə etdikdən sonra, yaşanan olayın ictimailəşdirilməsinə qərar verdik. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
araz.az xəbər portalı.