WhatsApp Image 2021 04 04 at 13.46.15

Müasir dünyada da, fəth etdiyi zirvəni heç bir müasir silahın belə ala bilmədiyi mədəniyyətin hərbdən önəmli sahə olduğunu hamımız yaxşı bilirik. Məhz buna görədir ki, dünya ölkələrində bu sahənin işlərinə cavabdeh dövlət qurumlarının və təşkilatların fəaliyyətləri daim diqqət mərkəzində olur, ən yüksək tribunalarda, sosial şəbəkələrdə və mediada həmişə bu sahənin problem və çatışmazlıqlarından ətraflı danışılır, bunların qısa zaman ərzində aradan qaldırılması üçün yollar axtarılır. Elə, Azərbaycanda olduğu kimi! Di gəl ki, indiyədək, buna tam nail olmaq mümkün olmur. Belə ki, mədəniyyət sahəsi üzrə məsul vəzifələrə təyin olunanların məsuliyyətsizlikləri ucbatından, dəyişən heç nəyin şahidi ola bilmirik. İnkarolunmaz faktdır ki, mədəniyyətin köhnə və yeni nazirləri, ətraflarına topladıqları komandalarla, hədsiz məsuliyyət tələb edən bu işin öhdəsindən layiqincə gələ bilməyiblər. Konkret desək, ortada heç nə dəyişməyib. Azərbaycan üçün həssas olan belə bir dönəmdə isə, mədəniyyətin başına gətirilən yeni nazirdən gözləntilər daha çox idi. Yəni, nazir postuna Anar Kərimov təyin olunanda, ilk vaxtlar onun tərcümeyi-halını oxuyaraq, sevinən və bu sahənin təəssübünü çəkən çoxları Mədəniyyət Nazirliyində yeni dalğanın başladığını deyirdilər. Halbuki, yeni nazir bir ildən çox nazir səlahiyyətlərini icra etdi, amma yadda qalası bir fəaliyyəti görünmədi. Ümumiyyətlə götürdükdə, çox təəssüflər ki, deyilənlər olmayıb və bu önəmli sahədə tezliklə ola biləcək heç bir yenilik də hiss edilmir. Ölkə mediasında və sosial şəbəkələrdə yenə mədəniyyət sahəsinə aid xoşagələn nəsə yazılmır. Əksinə, Mədəniyyət Nazirliyi ilə bağlı dərc olunan tənqidi yazılarda xüsusi olaraq o vurğulanır ki, yeni nazirimiz də özünü, nazir kimi göstərə bilmir. Elə, bu səbəbdəndir ki, nazirliyin bütün strukturlarında, idarə və müəssisələrində “köhnə hamam, köhnə tasdır”. Həmin yazılarda o da vurğulanır ki, köhnə nazirlər kimi, yeni nazir də, indiyədək kadr seçimində xoşagələn hansısa bir əmrə imza atmayıb. Son vaxtlar ölkə gündəmini zəbt edən və mətbuatda əsas mövzulardan birinə çevrilən bu ciddi məsələ barədə, xəbər portalı olaraq araz.az da, öz əməkdaşlarının araşdırma yazılarını dərc edib. Həmin yazılarda daha çox o vurğulanıb ki, mədəniyyət naziri Anar Kərimovun regional mədəniyyət idarələrinə rəis təyin etdiyi naşı kadrlardan çoxunun fəaliyyəti ürəkaçan deyil və bu sırada Ağstafa Regional Mədəniyyət İdarəsinin yeni rəisinin adı birincilər sırasında çəkilir. Məhz buna görə də, ötən yazılarımızda onun rəhbər fəaliyyətindəki nöqsan və qanunsuzluqlar ciddi şəkildə tənqid olunub. araz.az-ın bu yazısı da, bu idarənin 35 yaşlı yeni rəisi Əli Elbəyin yarıtmaz fəaliyyəti barədədir və redaksiyaya daxil olan çoxsaylı məlumatlar əsasında qələmə alınıb. Həmin məlumatlara görə, Elbəy Əli vəzifəsinin icraasına başladığı gündən Ağstafa Regional Mədəniyyət İdarəsində “çaxnaşma yaratmaqla” məşğuldur. Rəhbər idarəçiliyində qeyri-adi addımlarını atmaqla, ştat cədvəli üzrə çalışanların  çoxunda narazılıq yaradır. Bir anlığa diqqət yetirsək açıq-aydın görərik ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Əli Elbəy, Ağstafadakı Hüseyn Arif adına Ev Muzeyinin bir nəfər əməkdaşını, — bəzi səbəblərə görə, adının çəkilməsini istəmədik, — qanunsuz olaraq işdən çıxarıb. Məlumata görə, bir saat işə gecikməsi, həmin şəxsin işdən çıxarılmasına səbəb olub. Rəis tərəfindən belə bir addımın atılması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndi ilə birbaşa ziddiyyət təşkil edir. Bundan əlavə, Qazax rayonunda mədəniyyət sahəsində çalışan şəxslərdən 55 nəfərə töhmətin verilməsi də, Əmək Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Qeyd edək ki, xüsusi karantin rejimi qaydalarının tətbiq olunduğu vaxtlarda belə, bu sayda işçiyə töhmətin verilməsinə əsas səbəb, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə lazımi məlumatların çatdırılmaması olub.

     araz.az-a daxil olan başqa bir məlumatda o da qeyd olunub ki, bir-iki gün bundan öncə, idarə rəisi Elbəy Əliylə rəis müavini Gülgün Kərim oğlu Kərimov arasında ciddi dava-dalaş həddinə çatan bir “çaxnaşma” yaşanıb. Hətta çaxnaşmaya səbəb bu qalmaqal, bu qarşıdurma əlbəyaxa davaya da bənzəyib. İddialara görə, baş verən belə bir qarşıdurmaya əsas səbəb, Ağstafa Regional Mədəniyyət İdarəsi rəisinin Gülgün Kərimovu daşıdığı vəzifəsindən uzaqlaşdırmağa çalışması və həmin vəzifəyə özünün maraqlarına cavab verən hansısa şəxsi təyin etmək istəyinə düşməsidir. Onu da unutmaq olmaz ki, müavin vəzifəsini daşıyan Gülgün Kərimov uzun illər ərzində mədəniyyət sahəsində çalışan və lazımi səviyyədə iş təcrübəsi olan şəxs olub. Hazırda o, idarə rəisinin ona qarşı elan etdiyi “müharibə”dən qalib çıxmaq üçün “bülleten”də olduğu söylənilir.

     Bir xatırlamanı qeyd etmək istərdik ki, Elbəy Əli vəzifəsinin icraasına başladıqdan az sonra, o, yaxın qohumlarından birini özünə köməkçi götürüb. Bütün bunlar onu göstərir ki, idarəetmə sahəsində lazımi təcrübəsi olmayan, atdığı addımların nə ilə nəticələnəcəyini öncədən hesablamağı bacarmayan, bir sözlə, qısa zaman kəsiyində “naşı idarə rəisi” adı ilə tanınan Elbəy Əlinin belə bir idarəçiliyi, Ağstafa Regional Mədəniyyət İdarəsini yeniliklərə deyil, məhz köhnəliyə sürükləyəcək.

  Mövzuya qayıdacağıq.

araz.az xəbər portalı

araz.az xəbər portalı.