Ucar rayonunun Xalac kənd sakini Alim Əlimürsəl oğlu Qasımov tərəfindən dövlət başçısı İlham Əliyevə şikayət xarakterli Müraciət ünvanlanıb. Şikayətçinin bir nüsxəsini də araz.az-ın əməkdaşına təqdim etdiyi bu Müraciətdə deyilir:
“Ailəliyəm, bir övladım var. Anam, həyat yoldaşım və övladım da olmaqla, ailəm 4 nəfərdən ibarətdir. 3 hektar pay torpaq sahəmiz var. Rəsmi qaydada işləyənimiz yoxdur. Pensiya, ünvanlı sosial yardım, təqaüd və sosial müavinət almırıq. İri və xırda buynuzlu heyvanımız yoxdur. Qazanc yerimiz ancaq həmin 3 hektar pay torpaq sahəsidir. Bu pay torpaq sahəsindən gələn gəlirlə, yaşamaq çox çətindir. Yəni, bu torpaq sahəsi ailəmi qazancla təmin etmir. Dolanışığımız ağır vəziyyətdədir.
Özünüməşğulluq proqramından yararlanaraq, inək almaq məqsədi ilə, 2021-ci ilin yanvar ayından Dövlət Məşğulluq Agentliyinin Ucar Rayon Şöbəsinə müraciət edərək, qeydiyyatdan keçmişəm. Özünüməşğulluq fəaliyyətini qurmaq üçün, potensial imkanlara malik şəxs kimi, Agentliiyin əməkdaşları tərəfindən 24 aprel, 2022-ci il tarixində qeydiyyata alınmışam. Lakin biznesin təşkili ilə bağlı kurslara cəlb olunmaq üçün, dəfələrlə Dövlət Məşğulluq Agentliyinin Ucar Rayon Şöbəsinə müraciət etsəm də, məni indiyədək süründürürlər. Məndən sonra qeydiyyatdan keçənlər təlim kurslarına cəlb olunublar. Sonuncu dəfə Dövlət Məşğulluq Agentliyinin Ucar rayon şöbəsində olanda, mənə belə bir sual verdilər: «Sən hələ təlim kurslarına cəlb olunmamısan?». Olanı dedim.
Konkret demək istəyirəm ki, ailəm yoxsulluq səviyyəsindən aşağı durumda yaşayır. İş tapa bilmirik. Həm də, özünüməşğulluq proqramından yararlana bilmirik. Axı, iki ilə yaxındır ki, qeydiyyata alınmışam, daha nə qədər gözləyim?! Bu proqramdan imkanı, həyətində maşını, malı-qarası olanlar yararlanır. Yerində yoxlanılarsa, bu qeyd etdiyim faktlar öz təsdiqini tapacaq.
Ailəmin, faktiki olaraq, pay torpağı, üstəlik həyətimizdə böyük tövləmiz də var. Amma, yuxarıda qeyd etdiyim kimi, özünüməşğulluq proqramından yararlana bilmirik. İndi də, Ucar Rayon Məşğulluq İdarəsindən mənə: «Sən hələ təlim kurslarına cəlb olunmamısan?» — sualı verilir. Bunu, necə başa düşmək olar?!
Cənab Prezident! Sizdən xahiş edirəm ki, mənim bu Müraciətimi şəxsi nəzarətinizə götürəsiniz! Özünüməşğulluq proqramından yararlanmaq üçün, mənim təlim kurslarına cəlb olunmağıma və mənə mal-qara verilməsinə köməklik edəsiniz! Edəcəyiniz köməyə görə, Sizə qabaqcadan minnətdarliğımı da çatdırıram!”.
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.