1664307346050 1 6Bu ölkənin nüfuzlu media vasitələri də, paytaxt Kişineuda keçirilən bu tədbirləri geniş işıqlandırıblar 

         Sentyabrın 27-də Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi önündə də, Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Bu barədə, Səfirliyin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir ki, Moldova Parlamentinin hakim Fəaliyyət və Həmrəylik Partiyasından olan deputatı Mariya Panku, siyasi təhlilçi, politoloq Ruslan Şevçenko, Moldovada “Ştefanın Davamçıları” Gənclər Hərəkatının sədri Dumitru Roybu, tanınmış ictimai-siyasi xadimlər, müxtəlif icma nümayəndələri, çoxsaylı yerli və xarici gənclər, eləcə də həmvətənlərimiz bu tədbirlərin iştirakçıları olublar.1664307346392 1 7

         Məlumata görə, ilk öncə, tədbir iştirakçıları Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə öncə çıxış edən deputat Mariya Panku iştirakçıları azərbaycan dilində salamlayıb. O, Anım Günündə Vətən Müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini, Moldova xalqının nümayəndəsi olaraq, dərin bir ehtiramla ürəkdən yad etdiyini dilə gətirib. Bu münasibətlə, Azərbaycan xalqı ilə həmrəy olduğunu xüsusi vurğulayan moldovalı deputat öz çıxışı zamanı, həm də ölkəmizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıb. Mariya Panku doğmalarımızın əmin-amanlığının, təhlükəsizliyinin hər şeydən qiymətli olduğunu da xüsusi qeyd edib, məhz buna görə, Moldova xalqının həmişə müharibəni pislədiyini və sülhün tərəfdarı olduğunu bildirib. Moldova Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dövlət səviyyəsində rəsmən dəstəklədiyini də xüsusi vurğulayan deputat, çıxışının sonunda, Vətən uğrunda canından keçən şəhidlərimizə Böyük Allahdan rəhmət diləyib!1664307344390 1 9
         
          Öz çıxışında, ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov isə, dövlətimiz, eləcə də xalqımız üçün olduqca mühüm belə bir gündə, onunla həmrəylik nümayiş etdirərək, Səfirliyi önünə toplaşan qonaqlara təşəkkür və minnətdarlığını səmimi duyğular ifadəsi olan xoş sözlərlə çatdırıb, keçirdikləri bu önəmli tədbirlərində çoxsaylı yerli, xarici və azərbaycanlı fəal gənclərin iştirakından məmnunluğunu isə, dilə gətirdiyi ruhverici dərin mənalı sözlərlə  ifadə edib. Səfir çıxışında, 44 günlük Vətən Müharibəsi nəticəsində, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə, Milli Ordumuzun tarixi ədaləti bərpa etdiyini qeyd edərək, hal-hazırda 30 il mənfur düşmən tapdağında pis kökə düşən Qarabağ bölgəsində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən də, geniş söhbət açıb. Azərbaycan dövlətinin bölgədə sülh və sabitliyin təminatına istiqamətlənmiş fəaliyyətindən bəhs edən səfir, Ermənistanın son təxribatlarının bu prosesə ciddi maneələr yaratdığını da, təsiredici sözlərlə tədbir iştirakçılarının diqqətinə çatdırıb.1664307344955 1 1

         Qüdsi Osmanov çıxışının sonunda, 27 Sentyabr — Azərbaycan Respublikasında Anım Günü ilə bağlı, Xarici İşlər Nazirliyinin verdiyi Bəyanatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

          Tədbirdə siyasi təhlilçi Ruslan Şevçenko çıxış edərək, Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzü ilə bağlı tarixi həqiqətlərdən danışıb, bu müddət ərzində Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə, beynəlxalq hüquqa əsaslanan həllinə çalışdığını, buna baxmayaraq müxtəlif illərdə erməni təxribatları nəticəsində, çoxsaylı hərbçi və mülki şəxslərin dünyasını dəyişdiyini, bununla da Azərbaycan xalqının səbrinin tükəndiyini qeyd edib. R. Şevçenko bildirib ki, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv fəaliyyəti münaqişənin sülh yolu ilə həll edilməsinə davamlı maneələr yaradıb və bu proses, iki il öncə Azərbaycanın möhtəşəm qələbəsi ilə bitən 44 günlük müharibə ilə nəticələnib.1664307346511 1 8

        Çıxışının sonunda politoloq vurğulayıb ki, Azərbaycan rəhbərliyinin, dövlətin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi istiqamətində düşünülmüş və uzaqgörən fəaliyyəti Moldova, eləcə də digər oxşar problemlərlə üzləşmiş ölkələrə nümunə olmalıdır.

          Gənclər Hərəkatının sədri D. Roybu isə, öz çıxışında ölkəmizə bir neçə il öncə baş tutmuş səfərindən bəhs edərək, Azərbaycan xalqının Qarabağa verdiyi yüksək dəyərdən xüsusi bir tərzdə danışıb. O, ötən il yenidən Azərbaycana səfər edərək, ermənilər tərəfindən Gəncəyə edilən raket hücumunun acınacaqlı nəticələrinin şahidi olduğunu, tamamilə dağıdılmış Ağdamda qarşılaşdığı mənzərədən təəssüfləndiyini də dilə gətirib.

       Tədbirdə Moldovadakı Azərbaycanlılar Konqresinin nümayəndəsi Maarif Rəhimov çıxış edərək, bu mühüm tarixi, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların unutmamalı olduğunu və Azərbaycanın qüdrəti, ordumuzun qəhrəmanlığı barədə gənclərin, xüsusilə gələcək nəsillərin mütəmadi məlumatlandırılmasının vacibliyini dilə gətirib.1664307344388 1 10

         Bu tədbirdən sonra, silsilə tədbirlərin davamı olaraq, 27 Sentyabr tarixində Moldovanın nüfuzlu xəbər portalı “Noi” Xəbər Agentliyinin redaksiyasında yerli və azərbaycanlı gənclərin iştirakı ilə, Anım Gününə həsr edilmiş konfrans keçirilib. Konfransda tələbə və gənclər çıxış edərək, 30 il davam edən Ermənistan — Azərbaycan münaqişəsinin tarixi aspektləri, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra, bölgədə aparılan irimiqyaslı tikinti-bərpa işləri, sülh quruculuğunda Azərbaycanın davamlı səyləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.1 11

        Səfirliyin önündə təşkil edilmiş tədbir, habelə “Noi”də keçirilmiş gənclərin konfransı çərçivəsində, 27 Sentyabr — Azərbaycan Respublikasında Anım Gününə həsr edilmiş foto-şəkillərdən ibarət sərgi də təşkil edilib. Sərgi izləyicilərinə foto-şəkillərə dair izahlı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

          Səfirlikdən araz.az-a daxil olan məlumatın sonunda o da bildirilir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar, Moldovanın paytaxtı Kişineu şəhərində təşkil edilən bu silsilə tədbirləri, bu ölkənin nüfuzlu media vasitələri də geniş işıqlandırıblar.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.