rovsen-novruzoglu001.jpgBu yaxınlarda araz.az saytında dərc etdiyimiz bir xəbərdə deyilirdi ki, tanınmış politoloq-alim, “Beynəlxalq Terrora və Korrupsiyaya Qarşı Mübarizə” Strateji Araşdırmalar Mərkəzinin direktoru, Milli Təhlükəsizlik məsələləri üzrə ekspert Rövşən Novruzoğlunun “Oliqarx” kitabının Azərbaycan, ingilis və rus dillərində nəşrinə artıq hazırlıq gedir. Xəbərdə o da qeyd edilirdi ki, ABŞ-ın Azərbaycandakı səfirinin də xüsusi maraq göstərdiyi bu əsərin oxucuların böyük marağına səbəb olacağına şübhə qalmır. 
      Müəllifin özünün araz.az-ın əməkdaşına dediyi kimi, bu mövzulu yazılar uzun zamandan bəri yazılı və elektron mətbuatın lideri olsa da, təəssüf ki, cəmiyyət, özünün çözülməz probleminə çevrilən oliqarxiya rejiminin, inhisarçılığın daha ciddi tənqid edilməməsi sarıdan hələ də korluq çəkir. Uzun zamandır cəmiyyətin bəlasına, dərd-sərinə çevrilən oliqarxiya və oliqarxlar barədə yazılası hələ çox şeylər olduğundan, ayrı-ayrı fəsillərdən ibarət bu kitabın bütün yazılarındakı kiçik epizodlar belə, fakt və sübutlar əsasında qələmə alınıb və bu boşluğu doldurmağa hesablanıb. Bizim ölkəmizdə belə oliqarx məmurların kiçik bir zümrəsi qaldığından və bu qrupun fəaliyyəti vətəndaş mənafeyinə tuslandığından, bu, olduqca ciddi bir təhlükəyə çevrilib. Onlar inhisarda saxladıqları iri şirkətləri, holdinqləri və digər müəssisələri vasitəsilə, ölkədə azad biznesin inkişafına ən çox zərbə vuran bir zümrəyə çevrilib. Məhz bunun acı nəticəsidir ki, əhali dolanışıq sarıdan uzun zamandan bəridir əziyyət çəkir. Hər şeyi əlində cəmləşdirən bu təhlükəli zümrə ilə mübarizə də asan olmur. 
     Çapa hazırlanan bu əsərdə yazılanlar birbaşa bu təhlükəyə qarşı yönəldiyindən, kitabdakı bəzi maraqlı epizodları oxucularımızın da diqqətinə çatdırmağı lazım bildik.

 
“XÜSUSİ İDARƏ”NİN BUBLİKİ 
 
     …Başını qaldıranda divara vurulmuş rəngli şəkli gördü. Çərçivəyə alınmış bu şəkil sanki deyirdi: “Haramınız olsun, dağıdıb, taladığınız, oğurladığınız… Məni aldada bildiniz, bəs xalq?.. Xalqı da aldada biləcəksinizmi?.. Bu xalq başını qaldıranda, gözlərini açanda sizin qan tutan gözlərinizi görəcək… İti barmaqlarını gözlərinizə soxacaq. Çörəksiz qoyduğunuz ailələrin yumruqlarını başınıza çırpacaq… Məni hələ də aldadıb, yalan satırsız…        
     …Qırıq-qırıq, pıçıltıyla güclə danışa bildiyindən, havaya qalxan qolları da bükülüb yanına düşdü. Onu da gördü ki, kazino pəncərəsindən boynu xaltalı bir it üzünü pəncərəyə söykəyib, içəri boylanmağa cəhd edir. Tanıdı — quyruğuna neçə yerdən düyün vurduğu itini tanıdı. Pəncərəyə yaxın durdu. Diqqətlə itinə baxdı. Təlaş dolu bir narahatlıqla soruşdu: “…Hardan gəlirsən, Bublik?!.”
Sonra üzünü qapıda dayanmış zənci Məhəmmədə tutub: “Bu it  məni çər azarına gətirib Mamed!” – deyə, zorla pıçıldadı. Kazinoda yır-yığış edən Tamam arvadın ərdən çıxmış qızı Marus ona yaxın gəldi. 
    — Nə baş verib, Ziya Badamoviç? – deyə, soruşdu. 
    — Bayaqdan fikir verirəm – Ziya Badamoviç deyilən yol naziri belini bir az da əyib, gözlərini Tamam arvadın yəhudidən olan qızının qulağına sıxdı və: — O Bubliki pəncərədən rədd elə… İyə gəlib. Burda olduğumu bilib, durub gəlib, — deyə, əlavə etdi. 
       Yol naziri Ziya Badamoviç belini azca düzəldib, dikəlmək istədi. Dərindən köksünü ötürüb, bayıra çıxdı. Bublik onu görcək atılıb, mindi onun qucağına. Və başladı yol nazirinin yağı daman, qırmızı sifətini yalamağa. 
        — Dayan, ay heyvərə, dayan! – yol naziri dedi: — Məni abırdan salma. De görüm, hardan gəlirsən, Bublik?.. Evini Allah yıxsın, tər-qan içindəsən… 
       Bublik isə, sakit-sakit bu təlaşlı səhnəyə tamaşa edirdi. Yol naziri başını qaldıranda, gördü ki, kazinodan əlli-altmış metr aralı Balaxanının kələyə oxşar itləri boya-boy düzülüb, Bublikə baxırlar. Yol naziri bu dəfə ağzını Bublikin qulağına dayadı: 
      — Ay zaraza, adımı bədnam elədin… 
Rədd ol, çıx get… – deyə, qışqırmaq istəd. Bunu da bacarmadı… 
      Sonra yol naziri Marusdan xahiş etdi ki, bu iti birtəhər qolaylayıb, kənar tullasın. Marus bacarmadı. Bu an, zənci Mamed qalın, tüklü qollarını işə saldı. Bublikin quyruğundan yapışıb, Balaxanı itlərinə tərəf qolayladı. Bublik bir göz qırpımında havaya qalxdı və Balaxanı itlərinin düz qabağına düşdü. 
        Bublik ömründə belə uçmamışdı, belə şey görməmişdi. O, həmişə yağlı qoğal görmüşdü, belə iyli, eybəcər yer görməmişdi… 
       Bublik artıq itlərin dövrəsində çırpınırdı. Aradan çıxa bilmirdi. Yazıq-yazıq sahibinə baxırdı. Sahibi də, yol naziri Ziya Badamoviç də qanrılıb, dumanlı gözlərini ona tuşlamışdılar. Bublikin üstündə isə, Balaxanı itləri qırğın salmışdı. Onun nazik belinə biri qalxıb, biri düşürdü. Hər zırpı bir it belinə qalxanda, yol naziri Ziya Badamoviç öz-özünə pıçıldayırdı:
       — Adam nə qədər yük götürər?!. 
       Bublikin gözləri artıq bərələ qalmışdı. Beli minillərdən qalan at yəhərinə dönmüşdü. Bu zaman yol naziri Ziya Badamoviç də Bublikin gözlərinə nəzər saldı. O gözlərin birində özünü, o biri gözündə isə, istefaya çıxan və həm də məmləkətin mal-mülkünü dağıdıb, aradan çıxan Xüsusi İdarənin keçmiş generalını gördü. Əslində, Ziya Badamoviç Bubliki elə Bakını viran qoyub, aradan çıxan həmin təhlükləsizlik generalından almışdı. 
         Yol naziri kazinoda yerinə qayıtdı. Vaxtilə Mingəçevir Su Elektrik Stansiyasında nəzarətçi işləmiş, sonra rus kəşfiyyatında təhlükəsizlik generalı olmuş Bilal Abramoviçin dalınca pıçıltıyla gileyləndi: 
        — Xarab iti mənə sırıdı, köpəy oğlu. O pulu verib, elə ərəb kənizi alardım da!..                  
         …Artıq, Bublik də, Balaxanı itlərinə qarışıb, zibilliyi eşirdi. Bu zaman, nədənsə, yol nazirinin — “Oliqarx” adı almış Ziya Badamoviçin aglına belə bir qarışıq fikir də gəldi; Vaxt gələcək, həm özü, həm də Bublikin sabiq general sahibi Bilal Abramoviç, elə Bublikin bu acı taleyini yaşayacaqlar…
 
(davamı var)
 

araz.az xəbər portalı.